"Neftçi" heç cür özünə gələ bilmir.
Premyer Liqada 8 tur arxada qalıb, amma "ağ qaralar" qələbənin nə olduğunu bilmir.
Klub rəsmiləri, azarkeşlər başverənlərdən çox narahatdır.
Görəsən, Roman Qriqorçukun kollektivi uğursuz seriyaya nə vaxt son qoya biləcək?
Paytaxt təmsilçisinin sabiq qapıçısı Hüseyn Məhəmmədov Sportinfo.az-a açıqlamasında "qara zolaq"dan çıxmaq üçün rəhbərliyin qəti qərarlar verməsinin, futbolçu və məşqçi heyətinin isə hazırkı duruma daha ciddi yanaşmasının vacib olduğu bildirib:
"Neftçi" üçün çətin günlərdir. Komanda çox xal itkisinə yol verib.
Təbii ki, klub daxilində olan heç kim belə olmasını istəməzdi. İnanıram ki, qarşıdakı turlarda yaxşı nəticələr gələcək.
Futbolda belə hallar yaşanır. Yüksəliş olduğu kimi, eniş də var. Hər bir komandanın başına gələcək vəziyyətdir.
Düşünürəm ki, "Neftçi"nin özünə gəlməsi üçün ciddi addımlar atılacaq. Çünki yaxşı nəticə üçün rəhbərlik hər bir şəraiti yaradıb.
Hər hansı çətinlik yoxdur. Məşqçi və futbolçu heyəti də başverənləri anlayırlar.
Yəqin ki, düşdükləri uğursuz tendensiyanı dəyişmək üçün əllərindən gələni edəcəklər".
XANOĞLAN