COP29

Emin Mahmudov: Əfsanə, yoxsa pul düşkünü?

27 Sentyabr 20:20 Neftçi 3 248
Emin Mahmudov: Əfsanə, yoxsa pul düşkünü?

Hansısa azərbaycanlı futbolçunun 32 yaşdan sonra yüksək səviyyədə futbol oynadığını xatırlayırsınız?

Rəşad Sadıqov, Maksim Medvedev kimi müdafiəçilər belə, 33-34 yaşında karyerasının sonunun çatdığını dərk edib. O ki qalmışdı daha çox qaçmalı, daha çox məşq etməli olan yarımmüdafiəçi və ya hücumçular.

Kapitanlıq sarğısını qoluna bəzək üçün taxmasına baxmayaraq, Emin Mahmudov əla futbolçu idi. Topla rəftarı, ötürmələri, zərbələri – hamısında ayrı bir gözəllik yaşayırdı. 2017-ci ildə “Neftçi”yə gəldiyi gündən komandanın uğur qazanması üçün əlindən gələni etdi, çempionluqda böyük pay sahibi oldu.

2022-ci ilin yayına qədər birmənalı “ağ-qaralar”ın meydandakı əsas silahı idi. Mövsüm başa çatandan sonra Eminin futbolu bitdi.

Bir ildən çoxdur bu adam meydanda ayaq sürüyür. İstər Qriqorçuk olsun, istərsə də özündən əvvəlki məşqçilər – az qala hamısı Mahmudovu zaman-zaman ehtiyatda saxlamışdı. Lakin Azərbaycan millisinin üzvü olması, limit məsələsi, bir az da komandadakı çəkisi sonradan qərarı dəyişməklərinə səbəb olmuşdu.

Qriqorçuk kapitanlıq sarğısını “8 nömrə”nin qolundan çıxarmaqla “Neftçi”nin özünə gəlməsi yolunda ən doğru addımlardan birini atdı. Aylardır yazırıq, bakılılar özünə gəlmək istəyirsə, Eddi İsrafilovun ardınca təqaüd yaşı çatan Qara Qarayev, Filip Ozobiç, Emin Mahmudov kimilərdən qurtulmalıdır.

Kapitanın sarğıdan azad olunması ona mədəni surətdə “get” mesajı verməkdir. Başqa anlamı yoxdur bunun. Onsuz da komandaya heç bir cəhətdə kömək etmir. Nə kapitan, nə də futbolçu kimi.

“Zirə”ylə oyundakı “performansı” nə idi elə? Ayaq üstə durmaqda çətinlik çəkir, ötürmə səhvləri bir-birini əvəzləyir, ikili mübarizələrin əksəriyyətini uduzurdu. Bu adamın futbolunun qurtardığını futbolla dünən maraqlanmağa başlayan adam da görürsə, Qriqorçukun görmə problemi var məgər?

Eminin özü də yaxşı bilir ki, “Neftçi”dən ayrılandan sonra başqa ölkədə demirəm, Azərbaycanda heç bir kluba lazım olmayacaq. Daha doğrusu, “Neftçi”də qazandığı illik maaşın yarısını da verən tapılmayacaq.

Özünə zərrə qədər hörmət edən futbolçu pulu yox, nüfuzunu düşünüb getməlidir. Bir klubun əfsanəsi olmaq üçün ayaq sürümək yox, müəyyən puldan keçərək çantanı yığmaq ən doğru qərar olar.

Təbii ki, “Neftçi”nin əfsanəsi adı ona maraqlıdırsa.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti