COP29

“Neftçi”nin rəhbərindən hesabat tələb olundu: “Bu futbolçuları kim tapıb gətirib?”

16 Sentyabr 20:00 Neftçi 5 462
“Neftçi”nin rəhbərindən hesabat tələb olundu: “Bu futbolçuları kim tapıb gətirib?”

“Neftçi”nin “Zirə”yə məğlubiyyəti oyunu izləmək üçün uzun məsafə qət edib Zirəyə gedən azarkeşlərin əhvalına soğan doğramışdı.

Necə deyərlər, bıçaq vursaydın, qanları çıxmazdı.

Aralarında orta yaşlı bir neçə fanat narazılıqlarını bildirmək üçün rəhbər şəxslərin yolunu gözləyirdi ki, hədəfə Cenk Sümer tuş gəldi.

Üç azarkeş klubun baş icraçı direktoruna, yəni cavabdeh şəxsinə yaxınlaşaraq ona iradlarını bildirdilər:

“Bu, nə oyundur, bu, nə nəticələrdir? Biz nə vaxta qədər dözməliyik? Mövsümün əvvəli idi, düşünürdük zamanla düzələr. 6 oyun keçib, “Neftçi”nin qələbəsi yoxdur.

Biz bu kluba görə türməyə, xəstəxanaya düşmüşük, qəzaya uğramışıq. Bu dəqiqə içim yanır, əlimdən pis iş çıxacaq. İki uşağımı gözlərimin önünə gətirib özümü güclə saxlayıram.

“Beşiktaş”da bu nəticələr olsaydı, azarkeşlər nə edərdi? Onlara nə cavab verərdiz? Xəstəlik tapmışıq, Allaha and olsun. Bu futbolçuları kim tapıb gətirib? Kimdən soruşuruq, hamı yaxasını kənara çəkir. Kamil Məmmədov deyir, mənlik deyil. Kimlikdir bəs?

Ramil Şeydayev “Qarabağ”ın artığıdır, bəh-bəhlə “Neftçi”yə gətirdiniz. Rafel Quzzonu “yutub”dan tapmısız? Bu cür futbolçuların “Neftçi”də nə işi var axı?

Nəyiniz çatmır? Ən gözəl baza sizdə, ən yaxşı maaş sizdə, bölgədə yox, Bakıda yaşayırsız, klubun ad-sanı var, başqa nə lazımdır? “Neftçi” üçün xərclənən milyonlar kiminsə cibinin pulu deyil, ölkənin, xalqın, neftin pullarıdır”.

Vaxtilə “Beşiktaş”dakı fəaliyyəti ilə yadda qalan Sümer iradını dinlədikcə razılıq əlaməti olaraq başını yelləyir, sanki deməyə söz tapmırdı. Azarkeşlər onu uğursuzluğa səbəb göstərməyə məcbur edincə, dedikləri bunlar oldu:

“Sizi çox gözəl başa düşürəm. O qədər gözəl ki. Dediyiniz iradların hər birində haqlısınız. Elə bilirsiz mənə xoşdur?

İnanın, heç bir futbolçu “yutub”dan tapılmayıb. Hamısını izləmişik, hər birinin baxımlı karyerası var. Sadəcə, uyğunlaşma prosesi gözlədiyimizdən ağır keçir. Bu baxımdan problem yaşayırıq.

Hər birimiz ən yaxşısı üçün çalışırıq. Sizin, bizim, hər bir “Neftçi”sevərin köməyi ilə bu vəziyyətdən çıxacağıq. Bir az səbrli olaq”.

6 turdan sonra aktivində 4 xal olan “Neftçi” 10 komanda arasında 9-cu pillədə qərarlaşıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!