Milli komandaların oyunları ilə bağlı Premyer Liqada iki həftəlik fasilə başa çatır.
Həftəsonu biri-birindən maraqlı qarşılaşmalara şahidlik edəcəyik ki, diqqətlər heç şübhəsiz “Zirə” – “Neftçi” qarşılaşmasında olacaq.
Meydanın bir tərəfində avrokubok mövsümündə uğurlu təsir bağışlayan “Zirə”nin, digər hissəsində geridə qalan 5 oyunda qələbə sevinci yaşamayan “Neftçi”nin futbolçuları dayanacaq.
Bu, uğursuzluq zolağından çıxmağı hədəfləyən “ağ-qaralar” üçün əla imkandır. Çempionatda yaranmış fasilə baş məşqçi Roman Qriqorçuk üçün fürsət sayılmalıydı. Yayda edə bilmədiklərini iki həftədə gerçəkləşdirmək, komandada gördüyü problemləri nisbətən həll etmək baxımından ukraynalı çalışdırıcı üçün bundan yaxşı imkan ola bilməzdi.
“Neftçi” qalib gələcəyi təqdirsə, istər turnir cədvəlindəki mövqe, istərsə də komanda daxilindəki psixoloji durum xeyli yaxşılaşacaq. Bakılılar medallar uğrunda mübarizədə “mən də varam” deyəcək.
Əksi yaşanacağı halda, bu “Neftçi”dən yaxşı nəsə gözləməyə dəyməz. Yay hazırlığı, geridə qalan 5 oyun və ən vacibi iki həftəlik fasilə işə yaramayacaqsa, irəliləyən həftələrdə yaxşıya doğru nəyəsə ümid etmək artıqdır.
Odur ki, “Zirə”ylə görüş paytaxt təmsilçisi üçün həm əla fürsət, həm də son şansdır. Uğursuzluq fonunda vəziyyəti yaxşı düzəltmək möcüzəyə bərabər sayılacaq.
Yeri gəlmişkən, Roman Qriqorçukla Rəşad Sadıqovun baş məşqçi qismində ilk duelini izləmək də yerinə düşəcək.
Sadıqov “Qarabağ”da futbol oynadığı dönəmdə Qriqorçuk “Qəbələ”də əsas söz sahibi kimi Ağdam təmsilçisi ilə çempionluq uğrunda mübarizə aparırdı.
Üstündən bir neçə il keçib və həmin Rəşad Sadıqov indi Roman İosifoviçlə taktika mübarizəsi aparır.
Sentyabrın 15-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək oyun saat 18:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ