Azərbaycan Premyer Liqasında iki həftəlik fasilə start götürdü.
Buna kimi baş tutan 5 turda özünü pis tərəfdən göstərən iki klubdan biri "Neftçi" oldu.
"Ağ qaralar" hələ də qələbə üzünə həsrətdir.
Roman Qriqorçukun komandası meydana çıxdığı 5 görüşdə "Sabah"a məğlub olub, digər 4 matçda isə bərabərlik qeydə alınıb.
Biabırçı start "Neftçi" azarkeşləri ilə bərabər, onun sabiq üzvlərini də üzməmiş deyil.
Məsələn, Flanvinyo kimi.
Klubun əfsanəsi olmuş braziliyalı yarımmüdafiəçi sosial şəbəkə hesabında öz etirazını bildirib:
"İnanılmazdır. Hamınızı aldadan daha bir il... "Neftçi" ilə nə vaxta kimi bunu davam etdirəcəklər?".
Məşhur "9 nömrə" Braziliyanın "Qremio" klubundan "Neftçi"yə transfer olunub.
O, "ağ qaralar"ın heyətində 174 oyun keçirib. Bu qarşılaşmalarda 38 dəfə rəqib qapısına yol tapmış futbolçu "Neftçi"nin heyətində 3 dəfə Azərbaycan çempionatının, 2 dəfə ölkə kubokunun qalibi olub.
XANOĞLAN / SPORTİNFO.AZ