Yaxın günlərdə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadiona yeni direktorun təyin edilməsi gözlənilir.
Boks üzrə Azərbaycan yığmasının sabiq üzvü Şahin İmranov bu postu tutmağa ən real namizəddir.
Gənclər və İdman Nazirliyi bu variant üzərində dayanıb. Nazır Fərid Qayıbov müxtəlif dairələrlə danışaraq, Sumqayıt şəhərindən olan İmranovun müvafiq vəzifəyə təyinatına çalışır.
Bilindiyi kimi, stadionunun direktoru Nadir Quliyev vəzifəsindən gedib. Bu ilin əvvəlində yenidən istifadəyə verilən arenanın rəhbəri öz istəyi ilə istefa ərizəsi yazıb.
Gənclər və İdman Nazirliyi Quliyevin ərizəsini qəbul edib. Yaxın günlərdə bu posta təyinat olacaq.
Direktorun iş yerindən getmək istəməsi təsadüfən yaranmayıb. Stadionun idarəetməsində ciddi problemlər əmələ gəlib.
Maliyyə cəhətdən yaranan çətinliklər 3 aydır daha çox büruzə verir. Burada çalışan əməkdaşlar aylardır əməkhaqqı ala bilmir.
O cümlədən, kommunal xərclərin ödənilməsi müşkülə dönüb. Bu səbəbdən stadionun müxtəlif dövlət təşkilatlarına böyük miqdarda borcu yaranıb.
Şahin İmranov 2002-2008-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edib. 2 dəfə Olimpiya Oyunları, 2 dəfə dünya çempionatı, 3 dəfə isə Avropa çempionatında mübarizə aparıb.
2008-ci ildə Çində XXIX Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub.
Həmçinin 2002-ci ildə Perm şəhərində (Rusiya) və 2006-cı ildə Plovdiv şəhərində (Bolqarıstan) baş tutan Avropa çempionatlarının gümüş medallarına sahib olub.
Azərbaycan idmanında xidmətlərinə görə 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib.
SPORTİNFO.AZ