COP29

“Neftçi”: Bu qərara kim daha sayğılı yanaşdı? - İLGİNC MƏQAM!

30 Avqust 10:40 Neftçi 1 519
“Neftçi”: Bu qərara kim daha sayğılı yanaşdı? -  İLGİNC MƏQAM!

"Neftçi" problem yaşadığı iki futbolçusundan birinin məsələsində müsbət sonluq əldə edib.

Söhbət Lukas Melanodan gedir.

2023-cü ilin sentyabrında transfer edilən argentinalı hücumçu oyun keyfiyyətləri baxımından özünü heç göstərə bilmədi.

Bu müddət ərzində cəmi 12 rəsmi oyunun iştirakçısı olan Melano ilə bir müddətdir davam danışıqlar bu gün yekunlaşıb.

Baş məşqçi Roman Qriqorçukun xidmətində maraqlı olmadığı cənubi amerikalı 2025-ci ilin yayında başa çatmalı olan müqaviləsini pozmağa razılaşıb.

Klub məsələ ilə bağlı rəsmi açıqlama paylaşıb və bildirib ki, Melano ilə müqavilə qarşılıqlı razılıq əsasında ikitərəfli qaydada pozulub.

Klub argentinalı hücumçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Bu problemin həllində diqqətçəkən bir məqam var.

Melano qüvvədə olan müqaviləsi qarşılığında alacaqlarının böyük hissəsindən imtina edib. Əvəzedici komandada qalmaq istəməyən argentinalı "ağ-qaralar"a sərf edən şərtləri qəbul edib və getməyə razılıq verib.

"Neftçi" argentinalı Melano ilə razılıq əldə etsə də, azərbaycanlı Qaranı yola gətirə bilmir. Halbuki, Qarayevə edilən təklif ən azından eynidir. Amma Qara fikrindən dönmür və müqavilə üzrə nəzərdə tutulan bütün məbləği tələb edir.

Millinin keçmiş yarımmüdafiəçisi də Roman Qriqorçukun planlarına daxil deyil. Bununla bağlı Qaranın özü də bir neçə dəfə məlumatlandırılıb.

Bu səbəbdən Qarayevdən yaxşı təklif qarşılığında müqaviləyə xitam verilməsi istənilib. Amma o, bununla razılaşmaq fikrində deyil.

Futbolçuya illik qazancının yarısı qədər təzminat təklif edilib. Ancaq Qara deyəsən, lazım olsa, 2025-ci ilin yayınadək əvəzedici heyətdə qalmağı üstün tutur

SPORTINFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi