Dünən xəbər verdiyimiz kimi, «Neftçi»nin rəhbərliyinə yeni sima gətirib.
Bu barədə paytaxt klubundan redaksiyamıza bildirilib.
Məlumat verilib ki, həmin şəxs Murad Nağıyevdir. Sözügedən fiqur idarəetmə aparatında görəv alıb və artıq işə başlayıb.
Maraqlısı budur ki, hələlik ona rəsmi olaraq vəzifə verilməyib.
Yəni ki, Nağıyevin konkret olaraq hansı postu tutacağı dəqiqləşməyib. Bununla belə, funksionerə maaş kəsilib.
Onun ad-soyadı sıravi azarkeşlərə tanış gəlməyə bilər. Amma stajlı futbolsevərlər Nağıyevi xatırlamamış olmaz.
Murad bəy təqibən 20 il öncə ölkənin futbol ailəsinə adını yazdırıb. 2004-cü ildə yaradılan AMMK FK-nın İdarə Heyətində yer alıb. Daha sonra «Olimpik»də (Şüvəlan) fəaliyyət göstərib.
O, AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun yaxın dostlarından, həmçinin tərəfdaşlarından biri olub.
Bir neçə il qabağa kimi «Kitpro» şirkətinə birgə nəzarət ediblər. Klubları geyim və inventarla təminatını monopoliyaya götürmüş «Kitpro» sonda onların münasibətlərini korlayıb.
Şərikli biznes quran cütlüyün indi də arası yoxdur. Hər halda aldığımız son məlumatlar belə deməyə əsas verir.
Nağıyev uzun illər İngiltərədə yaşayıb. Londonda özünə yeni biznes qurub.
Onu «Neftçi»yə gətirən şəxsin kimliyi də bizə məlumdur. Klubda müşavir vəzifəsini tutan Kamil Məmmədov bu məsələdə vasitəçilik missiyasını yerinə yetirib.
İkili canbir, qəlbbir dostdur. AMMK FK-da çiyin-çiyinə çalışıblar.
Köhnə tanışlarına həmişə diqqət göstərən, verdiyi hər sözün ağası kimi tanınan K.Məmmədov Müşahidə Şurasının üzvlərini M.Nağıyevi «Neftçi»yə gətirməyin düzgün addım olmasına da inandıra bilib.
Bu da onu təsdiqləyir ki, hörmətli müşavir ötən mövsümlə müqayisədə klubdakı mövqelərini möhkəmləndirməyi bacarıb.
Səlahiyyətlərinin genişləndirilməsi də artıq bizə sirr deyil. Əsas komanda birbaşa Məmmədovun məsuliyyət dairəsinə daxil edilib.
SPORTİNFO.AZ