COP29

“Qarabağ”ı qısqanmaq yox, ibrət götürmək lazımdır - "Neftçi" üçün vacib…

1 Avqust 07:40 Neftçi 1 770
“Qarabağ”ı qısqanmaq yox, ibrət götürmək lazımdır - "Neftçi" üçün vacib…

90-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində Azərbaycanda qardaş Türkiyənin "Qalatasaray” klubunun azarkeşlərinin sayı sürətlə artmağa başladı.

Bu da səbəbsiz deyildi.

"Sarı-qırmızılar” avrokuboklarda vacib qələbələr qazanır, Türkiyə futbolunu uğurla təmsil edirdi. Eyni zamanda da daxili çempionatda da əsas söz sahibi sayılırdı.

Biz də qardaş ölkənin futbolu ilə yeni maraqlanmağa başladığımızdan diqqətimizi daha çox "Qalatasaray” çəkirdi, könlümüzü sarı-qırmızı rənglərə verirdik.

2000-ci ilin mayında "Qalatasaray” UEFA kubokunun başı üzərinə qaldırdı. Çox keçmədi ki, "cim-bom” UEFA Super Kubokunun da qalibi oldu. Həlledici görüşdə dünyanın ən güclülərindən sayılan Madrid "Real”ı "Qalatasaray” qarşısında "ağ-bayraq” qaldırdı. Bu zəfər milyonların ürəyini coşdurdu, "Qalatasaray”ı sevənlərin, onun çılğın azarkeşinə çevrilənlərin sayı sürətlə artmağa başladı. Azarkeşlik hissləri belədir. İnsan daha yaxşı, daha güclü olana könül bağlamaq istəyir ki, könül verdiyi komanda da qazandığı qələbələrlə onu sevindirsin. Heç şübhəsiz ki, bu gün də "Qalatasaray” Azərbaycanda ən sevilən Türkiyə klubudur. Bu say azalmaq bilmir, həmin sevgi atadan oğula keçir. İnsafən, "Qalatasaray” da bu sevginin qarşılığını verir, həm daxili, həm də xarici arenada qazandığı zəfərlərlə ona olan inamı doğruldur.

Yazıma əbəs yerə "Qalatasaray”dan giriş etmədim. "Neftçi” Azərbaycanın ən qocaman klubudur. Hələ SSRİ dövründə "ağ-qaralar” Azərbaycanı layiqincə təmsil etməyə çalışıb, bir növ respublikamızın yığma komandası sayılıb. Adından göründüyü kimi, "Neftçi” həm də neft pulları ilə maliyyələşir. Müstəqilliyimizin ilk illərindəki keçid dövrünü saymasaq, "Neftçi” daim neft milyonları ilə qidalanıb, çoxları üçün "yağlı tikə” hesab edilib. Onun vasitəsiylə varlananlar, milyonçuya çevrilənlər var. Di gəl ki, "Neftçi”nin nəticələri həmin o milyonlara adekvat olmayıb. Düzdür, ölkəmizi avrokubokların qrup mərhələsində təmsil edən klub "Neftçi”dir. Amma uzaq 2012-ci ildə yaşanan bu ilkin davamı gəlməyib. Sadıq Sadıqovun rəhbər postundan getməsiylə "Neftçi” daim üzüaşağı yuvarlanıb, saysız-hesabsız rəhbər, struktur, məşqçi, futbolçu dəyişkənliyinə məruz qalıb.

Qəribəsi odur ki, Sadıq bəyin gedişindən sonra "Neftçi”yə daim naşı adamlar rəhbərlik edib. Hamısı da klubun tarixinin, sovet vaxtı verilən "xalq komandası” adının kölgəsində gizlənməyə çalışıblar. Ortaya heç bir ciddi iş qoyulmayıb, uğur qazanılmayıb. Əvəzində həmişə futbol azarkeşlərindən, hətta rəqib komandalardan da hörmət gözləyiblər. Sanki çempionluğa gedən yolda hər kəs geri çəkilməli, qızıl medalları "Neftçi”nin futbolçularının boynundan asmalıdılar. Bir dəfə belə oldu, Kamran Quliyevin prezident, Samir Abasovun baş məşqçi olduğu mövsüm "Neftçi” "Qarabağ”ı taxtdan salıb, çempion olmağı bacardı. Sonrası isə yenə bərbad alındı. "Neftçi” avrokuboklardan əli ətəyindən uzun qayıtdı, heç Konfrans Liqasında pley-off həyacanını yaşamaq mümkün olmadı. Bir daha göründü ki, əsas uğur daxili çempionatda yox, avrokuboklarda qazanılan nəticələrdir. Necə ki, "Qarabağ” avrokubokların qrup mərhələsinin daimi və iddialı iştirakçısına çevrilib, Azərbaycanı qitə səhnəsində uğurla təmsil edir. Qısqanmaq yox, ibrət götürmək lazımdır.

Elə "Qalatasaray”a olan sevgidən də buna görə bəhs edirdim. Azarkeşlərə boş vədlər, "ağ-qara "Neftçi” topu” haqqında rəvayətlər danışmaq lazım deyil, onları qələbələrlə sevindirmək lazımdır. "Neftçi” yeni mövsümə də bir dünya yeniliklə, deməli, həm də milyonlarla məsrəflə başlayır. Əcnəbilərin əsas söz sahibinə çevrildiyi klub artıq bu həftəsonu ilk sınağını verəcək. Ümid edirəm ki, bu dəfə xərclənən milyonlar boşa getməyib. Azarkeşlər meydanda normal futbol oynamağı bacaran "Neftçi” görmək istəyirlər, ötən mövsümü 5-ci pillədə başa vuran komandanın davamçısını yox. Səlahiyyət sahibləri öz məsuliyyətlərini başa düşməlidilər, bəhanələrə əl yeri yoxdur! (qafqazinfo)

Amal Abuşov

Digər Xəbərlər
Xəbər Lenti