Azərbaycan millisinin sabiq futbolçusu və kapitanı Tərlan Əhmədov şou proqrama qatılıb.
53 yaşlı mütəxəssis ATV telekanalında yayımlanan “Elcanlı”da tanınmış aktyor, verilişin aparıcısı Elcan Rəsulovun qonağı olub.
Elcan təcrübəli mütəxəssisdən 2018-ci ildə “Neftçi”dən göndərilməsi ilə bağlı danışmasını xahiş edincə, Tərlan bəy illər öncəyə qayıdıb:
“2017-ci ildə “Neftçi”yə dəvət olundum. Son 4 ildə komandanın nəticələri 6-7-ci yerlər olmuşdu.
Mən gələndə 5 tur keçmişdi, “Neftçi” 1 qol vurmuşdu və 1 xalı var idi. Məndən xahiş etdilər ki, komanda normal futbol oynasın, çempionatı 4-5-ci pillələrdə başa vursun.
Çempionatın gedişində hiss etdim ki, komanda sonda mükafatçılar sırasına düşə bilər.
Rəhbərliklə görüşdə bildirdim ki, 4-5-ci pillələri yox, mükafatçı yerləri düşünməliyik, orada ola bilərik. Dedilər, bunu bacarsanız, sizi əlimizin üstündə gəzdirəcəyik. Yekunda 3-cü yeri tutduq.
Mayın 23-də mövsüm başa çatdı, mayın 30-da da müqaviləmin müddəti qurtarırdı. 9 ay ərzində ancaq Müşahidə Şurasının sədri Çingiz Abdullayevdən mesajlar alırdım. Təbrik edirdi, uğurlar arzulayırdı.
İyunun 1-də çağırıb Müşahidə Şurasının adından yolların ayrılmalı olduğunu bildirdilər. Dedilər, əcnəbi mütəxəssis gəlməlidir. Mənim yerimə italyan Roberto Bordini gətirdilər”.
Tərlan Əhmədovun danışdıqlarına Elcan Rəsulovun reaksiyası izləyicilərdə gülüş doğurub:
“Çingiz Abdullayevdən mesaj almaq nəyə desəniz dəyər. Çingiz müəllim var olsun, böyük yazıçıdır. Ondan hər həftə mesaj almaq əl üstündə gəzmək kimi bir şeydir”.
HƏBİB / SPORTİNFO.AZ