“Neftçi”nin futbolçuları ilə azarkeşlər arasında ikitirəlik hökm sürür.
2-3 həftə əvvələ qədər komanda üzvləri oyundan sonra tribunaların önünə getməyi özünə borc bilmirdi.
Hətta qalib gəldikləri matçlardan sonra belə, fanatlara təşəkkür etməyi artıq sayırdılar.
Yeni ildən vəziyyət nisbətən düzəlib. “Ağ-qaralar”ı ölkə kubokunun yarımfinalına yüksəldən “Sumqayıt”la qolsuz bərabərlikdən sonra bəzi futbolçuların sevincli dəqiqələri “Forza Neftçi”ylə bayram etdiyinin şahidi olduq.
“Zirə” üzərində 1:0-lıq qələbədən sonra 5-i yerli olmaqla cəmi 9 nəfər paltardəyişmə otağına yollanmamış tribunanın önünə gedib azarkeşlərə verdikləri dəstəyə görə təşəkkür etdi.
Komandaya yeni qoşulduğu dönəmlərdə fanatların sevgisini qazanan, hətta məğlub olduqları oyunlardan sonra da tribunaya tərəf yön alan Yuri Matias artıq neçənci dəfədir fərqli addımla diqqət çəkir.
Hakimin final fiti səslənən kimi paltardəyişmə otağına qaçır.
Braziliyalı müdafiəçi Sportinfo.az-a açıqlamasında müəmmaya aydınlıq gətirib. Dediklərinin reallıq, yoxsa bəhanə olduğunu müəyyənləşdirməyi öhdənizə buraxırıq:
“Qarnımda ağrılar var idi deyə, oyun qurtaran kimi ayaqyoluna qaçdım. Bilmirəm nəylə bağlıdır, amma qarnım sancılanırdı. Yəqin ki, soyuğa vermişəm.
Başqalarının adından danışa bilmərəm. Şəxsən azarkeşlərlə heç bir problemim yoxdur. Mən onları sevirəm, onlar da məni”.
30 yaşlı mərkəz müdafiəçisi iyuldan bu yana “ağ-qaralar”ın heyətində bütün yarışlarda meydana çıxdığı 26 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
HƏBİB