“Neftçi” Adrian Mutunun baş məşqçi olduğu dönəmdə ilk futbolçu ilə yollarını ayırdı.
Qış fasiləsinə iki həftə qalmış “ağ-qaralar” əsas heyətdə möhkəmlənməkdə çətinlik çəkən Kenni Sayeflə əl sıxıb sağollaşdı.
Əslində, ABŞ vətəndaşlığını da daşıyan israilli solaxayın “Neftçi”yə gəlişinin özü yanlış qərar idi. Yeganə üstünlüyü öldürücü zərbələrə sahib olması idi ki, rəqib komandalar “5 nömrə”nin arzusunu gözündə qoymağı bacarırdı.
Ötən yay Laurentsiu Regekampfın dönəmində kim(lər)insə “Neftçi”yə caladığı Kenni azarkeşlərin yadında ruhsuz, küsəyən, sözünü deyə bilməyən futbolçu kimi qalacaq.
Vaxtilə “Anderlext”, “Gent”, “Lexiya” kimi komandalarda canını qoyan Sayefin “Neftçi”yə gələndə sıxmaq üçün suyu da qalmamışd.
Yalnız parlaq keçmişi ilə öyünürdü ki, o da bir yerə qədər idi. 2-3 yadda qalan qol, 1-2 maraqlı driblinq, vəssalam. Arada itən “Neftçi”nin 2 il üçün ona ayırdığı yüzminlər oldu.
Dekabrın 17-də 30 yaşı tamam olacaq solaxayın “ağ-qaralar”dakı göstəricilərinə nəzər yetirək.
2022/23 mövsümü
Premyer Liqa 32 oyun (2758 dəqiqə) 4 qol 11 assist
Ölkə kuboku 5 oyun (510 dəqiqə) 2 qol
Konfrans Liqası 4 oyun (355 dəqiqə) 2 qol 1 assist
2023/24 mövsümü
Premyer Liqa 14 oyun (945 dəqiqə) 1 qol 1 assist
Konfrans Liqası 4 oyun (343 dəqiqə) 1 qol
Kenni ilyarım ərzində şans qazandığı 59 matçda ümumilikdə 4909 dəqiqə top dalınca qaçıb ki, bu da orta hesabla hər oyunda 83 dəqiqə deməkdir. Aktivində 10 qol və 13 assist var.
İndiyə qədər “Neftçi”yə gəlib-gedən, hətta hazırda komandada olan bəzi futbolçularla müqayisədə kifayət qədər yaxşı göstəricidir.
Sadəcə, bu futbolçunun bacarığı yüksək nəticələr uğrunda mübarizə aparmaq üçün yetərli deyildi. Və ən böyük problemi xaraktersizliyi idi.
Söhbət “Neftçi”dən gedirsə, burada belələrinə yer olmamalıdır.
Görək növbədə növbəti kimdir.
HƏBİB / SPORTİNFO.AZ