Adrian Mutu «Neftçi»də üçüncü oyununu keçirir.
Rəsmi və qeyri-rəsmi oyunlardakı məğlubiyyətlərin sayını yəqin artıq özü də itirib.
Ümumi vəziyyəti heç cür qənaətbəxş saymaq olmaz.
Konfrans Liqası ilə üçüncü mərhələdə vida yaddan çıxıb, indi bunu xatırlayan da qalmayıb. Çün Premyer Liqanın özündə işlər acınacaqlı səviyyədədir.
Yaydakı baş məşqçi dəyişikliyinin müsbət təsirindən danışmağa dəyməz. Utandırıcı söhbət olar bu.
Deyəsən, biz 1-2 həftədən sonra Lorentsiu Regekampfı tez-tez xatırlayacaq,
Mutunun həmyerlisinin ölənlərinə rəhmət oxuyacağıq. İki rumının əlinin altından gəlib keçən «Neftçi» arasındakı fərq, bilirsiz nedir?
Ötən mövsümlə müqayisədə bu yay transferlərə daha böyük büdcə ayrılıb, daha çox legioner alınıb.
11 yeni futbolçu milyonlarla vəsamt deməkdir və çox təəssüf ki, Mutu onlarla bir şey edə bilmir.
«Araz-Naxçıvan»a uduzan baş məşqçi gərək bir də yüksək hədəflərdən danışmasın, çempionluq nağılları uydurmasın.
Nəticə olması üçün oyun nümayiş etdirilməlidir, Mutu isə «Neftçi»yə o oyunu oynatmır.
Demirəm ki, yeni gələn legionerlərin hamısı bir bezin qırağıdır, yararsızdır. Onlara adaptasiya üçün vaxt lazımdır, öz komandalarını, çempionatı tanımalıdırlar.
Mutu ki neçə vaxtdır buradadır, məşqçi işinin «m»sı haradadır, onu axtarıram. Mən tapa bilmirəm, bilmirəm.
Görən varsa, heç olmasa, yerini xəbər eləsin.
ELNUR