“Neftçi”nin yeni baş məşqçisi Adrian Mutu “Qalatasaray”dan ayrılması gündəmə gələn Olimpiu Morutanın xidmətində maraqlıdır.
Bakılılar rumınuyalı yarımmüdafiəçini icarəyə götürmək istəyir.
“Ağ-qaralar” niyyətinin ciddiliyini göstərmək üçün qarşı tərəfə rəsmi təklif göndərib. Ruminiyali çalışdırıcı həmyerlisinin keçidi üçün 400 min avro ödənilməsinə razıdır.
Hücumameylli oyunçu 2021-ci ildə “Styaua”dan “Qalatasaray”a transfer olunub. 24 yaşlı vinger İstanbul nəhəngində 26 oyun keçirib və 3 qol vurub.
“Sarı-qırmızılar” rumıniyalını ötən ilin yayında “Pisa”ya icarəyə verib. O, İtaliya klubunda 35 matça çıxıb və 6 dəfə fərqlənib.
Öncəki illərdə “Universitatea Kluj” və “Botoşani”nin də şərəfini qorumuş Morutan ölkəsinin əsas yığmasına da dəvət alır.
Millidə 9 şans qazanan vinger aktivinə 1 qol yazıb. “Qalatasaray”la müqaviləsi gələn ilin yayında başa çatacaq rumın Okan Burukun planlarına daxil deyil.
“Cim-Bom”un baş məşqçisi onun adını Çempionlar Liqası üçün sifariş olunan heyətə daxil etməyib.
SPORTİNFO.AZ