
“Neftçi”nin sabiq idman direktoru Ceyhun Sultanov AFFA-nın keçmiş icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovla bir araya gəlib.
O, bu görüşdən foto paylaşıb. Və gözlənildiyi kimi, birmənalı reaksiya doğurmayıb.
Axı onların “mehriban düşmən” olması heç kimə sirr deyil.
2018-ci ilin yazında “Sumqayıt”dan gələn Sultanovun 2020-ci ilin noyabrında “Neftçi”dən yola salınmasında Məmmədovun “xidmət”i az olmayıb.
AFFA-nın ovaxtkı idarəçisi az sonra “Şamaxı”da eyni vəzifəni tutsa da, burada belə, çox qala bilmədi, bir neçə ay keçdi, iş yerini itirdi.
Sultanov o tarixdən bəri sevimli sahəsindən uzaq düşüb. Adı dəfələrlə müxtəlif klublarla hallanıb, di gəl, funksioner statusunu geri qaytarmağa heç cür müvəffəq olmayıb.
Millinin sabiq yarımmüdafiəçisi 1 il öncəyə, yəni, Məmmədovun AFFA-da çalışdığı dövrə kimi dönə-dönə “şüşəbənd”ə ayaq döyüb, onunla görüşüb, müxtəlif vədlər alıb.
Fəqət, günü həftəyə, həftəni aya satan Məmmədov verdiyi sözlərin birini də tutmayıb.
Sultanovun bu zaman kəsiyində mediada yayılan açıqlamalarını yada salaq – o, adını çəkdiyimiz şəxs tərəfindən aldadıldığını gizlətməyib.
Gah birbaşa, gah da dolayı formada iddia edib ki, klub təsərrüfatından uzaq düşməsi, AFFA-nın hansısa bir layihəsində rol almaması Elxan Məmmədovun “zəhmət”idir.
O belə, bu belə, indi də bu cür görüşün baş tutması...
Görəsən, ondan yüz dəfə mətbuata şikayətlənən Ceyhun bəy haqlı narazılığını bu dəfə sabiq baş katibin üzünə deyə bildimi?
Yoxsa tərəflər köhnə umu-küsünü unudaraq, yaxın gələcəklə bağlı sövdələşməyə gediblər?
Azar burada, bazar burada - hər şey ola bilər.
Nə biləsən, bəlkə də Məmmədov növbəti dəfə Sultanovun “saqqızını oğurlamağı” bacarıb və biz ikincini özünün simpatizanı kimi mətbuatda çıxışlar edən görəcəyik.
E.Məmmədov hamam suyuna dost tutmaqda mahirdir, AFFA-nı barmağına doladığı 14 il ərzində futbola 1 qəpiklik xidmət eləməsə də, o qədər adamı yola verib ki...
Sultanov da olsun onlardan biri.
SPORTİNFO.AZ