Lorentsiu Regekampfın “Neftçi”dəki gələcəyi yaxın günlərdə məlum olacaq.
Ötən ilin iyunundan ölkəmizdə işə başlayan baş məşqçinin taleyini SOCAR müəyyənləşdirəcək.
Belə demək mümkünsə, neft şirkəti rumıniyalı mütəxəssisin müqəddəratını bəlli etmək səlahiyyətini klub funksionerlərindən alıb.
SOCAR mənsubları himayəsindəki “ağ-qaralar”ın çalışdırıcısı ilə əlaqəli məsələni artıq şirkətdaxili müzakirəyə çıxarıb.
Gələn məlumatlar onu deməyə əsas verir ki, onların Regeyə inamı qalmayıb.
Komandanın Premyer Liqada üçüncü yerlə kifayətlənməsi, həmçinin ölkə kubokunun finalında “Qəbələ”yə uduzması SOCAR-ın üst qatında rumına etimadı kökündən sarsıdıb.
Növbəti ilin yayınadək müqaviləsi qüvvədə olan şərqi avropalının istefaya göndərilməsi yenidən gündəmdədir. Hər an hazır olmalıyıq – “Neftçi” azarkeşlərinin səbirsizliklə gözlədiyi xəbərin açıqlanmasını.
SPORTİNFO.AZ