“Neftçi”nin yay transfer pəncərəsində heyətinə qatmaq istədiyi futbolçulardan birinin adı bəlli olub.
Sportinfo.az xəbər verir ki, apasport.az-ın məlumatına görə, Bakı klubunun maraq dairəsində olan oyunçulardan biri Klaudiu Petriladır.
“Ağ-qaralar” Klujun ÇFR klubunda forma geyinən rumıniyalı vingeri icarəyə götürməyi planlaşdırır. 23 yaşlı futbolçu hücumameylli yarımmüdafiəçi kimi də çıxış edir.
2018-ci ildən ÇFR-in əsas komandasında olan Petrila 2020/21 mövsümünün yarısını icarə əsasında “Sepsi”də keçirib. O, cari çempionatda 34 oyunda 2 qol vurub.
Rumıniyanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış Petrila ötən il əsas millinin heyətində də debüt edib.