Laurentsiu Regekampfın “Neftçi”yə baş məşqçi təyin olunmasından sonra “ağ-qaralar” bir neçə əcnəbi transfer reallaşdırıb.
Yayda Kenni Sayef, Qodsvey Donyo, Ataa Caber, Solomon Kvirkveliya, Vato Arveladze, Yeqor Boqomolski, qış fasiləsində Kilan Lebonla Mateus Saldanya kollektivə cəlb olunub.
Hər nə qədər maraqlı olsa da, yeni əcnəbilərin arasında rumın futbolçu yoxdur.
Halbuki, əcnəbi çalışdırıcılar başqa ölkədə çalışanda vətənindən tanıdığı həmyerlilərinin xidmətinə ehtiyac duyur, klub rəhbərliyinin qarşısına adlar qoyur.
İllər öncə rumın Mirça Rednik ölkəsində futbolçu qoymamışdı. Az qala tanıdığı bütün futbolçuları “Xəzər Lənkəran”a gətirmişdi.
Maraqlıdır, Rege niyə həmyerlilərinə güvənmir? Yoxsa, gətirmək istəyir, amma klubdan icazə verilmir? Bəlkə məsuliyyətin altına girməkdən ehtiyatlanır?
Ümumiyyətlə, qarşıdakı planlarında hansısa rumının adı var? Təcrübəli çalışdırıcı Sportinfo.az-a açıqlamasında məlum mövzu ilə bağlı sualı cavablandırıb:
“Rumıniya elitasındakı futbolçuların hamısını yaxşı tanıyıram. Hansının “Neftçi”yə kömək edə biləcəyinə, hansının nə vaxt azad transfer hüququna sahib olacağına bələdəm.
Amma indiyə qədər Rumıniyada uyğun futbolçu tapa bilməmişəm. Hansısa qorxudan söhbət gedə bilməz. Nədən, yaxud kimdən qorxacam?
Yeni gələn futbolçu komandaya kömək edəcəksə, bu, hər birimizi sevindirər.
Mənə futbolçunun “Neftçi”yə verə biləcəyi fayda maraqlıdır. Yoxsa Rumıniyadandır deyə gətirim, yox, bu, mənim iş prinsiplərimə ziddir”.
HƏBİB