Yaxşı xatırlayıram, AFFA bir neçə il əvvəl hakimlik məsələləri ilə bağlı açıqlamalara, tənqidlərə daha ciddi şəkildə reaksiya verirdi.
Məsələn, kimsə oyunsonrası mətbuat konfransında hakim ədalətsizliyindən danışa bilməzdi.
Yəni, məşqçilər və ya futbolçular, yaxud istənilən klub rəsmisi "hakim ədalətsizdir” sözünü işlədə bilməzdi, hətta onun göstərdiyi vərəqələrin rəngi ilə bağlı müzakirə belə aparmalı deyildi. Əks halda qurumun İntizam Komitəsi iclasda dərhal cəza və ya cərimə qərarları çıxarırdı.
Yəni, bu, o anlama gəlirdi ki, hakimin verdiyi qərara etiraz etmək qadağandır. Hətta hakim səhv və ya qərəzli qərarlar versə belə. Bunun üçün çempionatın reqlamentini əsas gətirirdilər…
Yaxın keçmişdə baş məşqçilərin bəziləri sırf hakimlərin qərarlarını müzakirə etdikləri üçün cəzalanmış, klublar da da cərimələnmişdi. Məsələn, 2021-ci ildə "Sumqayıt”ın baş məşqçisi olan Ayxan Abbasov həmin vaxt "Sabah”a məğlub olduqarı matçdan sonra dediyi bu sözlərə görə AFFA-nın İntizam Komitəsi tərəfindən cəzalandırılmışdı:
"Komanda bir həftə ərzində oyuna hazırlaşır, gecə-gündüz əziyyət çəkir. İlk dəqiqələrdə qırmızı vərəqə verilməsi komandanın oyununu pozur. "Qırmızı” müəmmalı idi. Biz bu gün "qırmızı”ya baxırıq, təkrarlarda da verilib. Murad hakimə etiraz edə bilər, amma başqa heç nə etmədi. Baş hakim İnqilab Məmmədov "Sumqayıt”ın uduzması üçün hər şey etdi. İnsanların haqqına belə girmək olmaz… Bu gün işimə nifrət etdim. Niyə hakimin səhvini deyə bilmirik? Nə üçün? Bəs biz necə inkişaf edəcəyik? İnqilab çıxsın desin ki, qərar tam düzgündür. Xal heç nədir. Danışmırıq, belə olur. 10-15-ci dəqiqədə belə "qırmızı” vermirlər. Hakim oyuna nəzarət etməlidir. Onlar baxmırlar xarici matçlara? Belə hakimlər getsin özlərinə sənət tapsın”.
Mütəxəssisin açıqlamalarına görə, "Sumqayıt” 1600 manat cərimə olunmuşdu. Özü də qərarda Abbasovun açıqlamaları qeyri-etik kimi qələmə verilmişdi. Hansı ki, burada nə söyüş, nə təhqir var. Sadəcə, narazılıq sərt şəkildə bildirildiyi üçün kimlərəsə ox kimi batmışdı. Əslində, bu, Abbasov üçün ilk cəza deyildi. 2019/2020 mövsümündə "Neftçi” ilə qarşılaşmadan sonra da hakimlərdən narazılığını bildirmişdi. Məhz bu səbəbdən İntizam Komitəsi həmin vaxt "Sumqayıt”da çalışan baş məşqçini 1 oyunluq cəzalandırmış, klubu isə 800 manat cərimələmişdi…
Hazırda "Sumqayıt”ı çalışdıran Samir Abasov da bir neçə il öncə hakimlərin qərarı ilə bağlı müzakirələr apardığı və ironiya ilə yanaşdığı üçün cəzalanmışdı. Bir az da konkretləşdirsək, 2018/2019 mövsümündə Samir hələ "Zirə”də çalışarkən "Neftçi” ilə oyundan sonra verdiyi açıqlamaları ironiya adlandırılmış və ona xəbərdarlıq olunmuşdu. 2021-ci ildə "Neftçi”ni çalışdıran Abasov bu dəfə "Sabah”la gərgin keçən və heç-heçə (2:2) bitən görüşdə xal itirmələrinin səbəblərindən biri kimi hakimlərin qərarlarını göstərmişdi. Nəticədə İntizam Komitəsi tərəfindən 2 oyunluq cəzalandırılmış, "Neftçi”yə 4000 manat cərimə kəsilmşdi.
Hakim qərarları ilə bağlı etirazını bildirən məşqçilərdən Elmar Baxşıyev də vaxtilə cəza almışdı. "Qəbələ”nin baş məşqçisi 2019-cu ilin aprelində "Keşlə” ilə matçın 88-ci dəqiqəsində hakimə kəskin etiraz etdiyi üçün texniki zonadan kənarlaşdırılmış və İntizam Komitəsi tərəfindən haqqında 1 oyunluq cəza qərarı çıxarılmışdı. Üstəlik klub 800 manat məbləğində cərimələnmişdi.
Əlbəttə, reqlamentin olması yaxşı haldır. Ən azından futbolçuları və məşqçiləri daha intizamlı olmağa məcbur edir. Amma Azərbaycan futbolunda reqlament daha çox narazılıq edənlərin söz azadlığını məhdudlaşdırılması kimi istifadə olunur. Yəni təhqirsiz, söyüşsüz, sivil şəkildə qərarlara etiraz etmək, "ədalətsizlik” adlandırmaq belə cərimə ilə nəticələnir. Yaxşı, elədirsə, niyə bu cərimə və ya cəzalar Azərbaycanda çalışan bütün məşqçilərə (əcnəbilər də daxil) şamil edilmir? Bəli, edilmir! Xüsusən də əcnəbilərə. Məsələn, Premyer Liqanın 22-ci turunda "Qəbələ” ilə səfər matçındakı heç-heçədən (0:0) sonra mətbuat konfransında "Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf baş hakim Fərid Hacıyevin idarəçiliyi ilə bağlı kəskin ifadələr işlətmişdi desək, yanılmarıq. Rumıniyalı mütəxəssis açıqlamasında "Oyundan sonra onunla aramızda dialoq olmasına çalışdım. Mənimlə dialoqa girmək istəmədi. İrad bildirdi ki, futbol oynamaq lazımdır. Cavabımda da dedim ki, futbol oynamağımız üçün imkan verməlisən. Hər dəqiqə matçı saxlayırdı, çoxlu səhvlər edirdi. Penalti qərarı zamanı heç epizodu görməmişdi. Hakim penaltini göstərdikdə ən azı 50 faiz qərarına əmin olmalıdır. Həmin epizoda görə bizi 4-5 dəqiqə saxladılar. Görüşün əsas vaxtına da cəmi 4 dəqiqə artırıldı. Həmin vaxtın da dəqiqəyarımında "Qəbələ”nin qapıçısı öz komanda yoldaşını vurdu, o da yerdə qaldı”, - demişdi.
Açığı, gözlədim ki, bəlkə AFFA-nın İntizam Komitəsinin 22-ci turla bağlı iclasında "Neftçi”nin baş məşqçisinə hakimlər haqqında danışdığı üçün cəza verilər. Ən azı klub cərimələnər. Ancaq bu, baş vermədi. Niyə, nə üçün? Reqlamentə uyğun deyil? Yoxsa, baş məşqçi əcnəbidir deyə, istədiyini söyləyə bilər? Yəni, azərbaycanlı Samirə, Ayxana, Elmara hakimlərlə bağlı danışdığı üçün cəza verilə bilər, rumıniyalı Regekampfa yox? Cavabı maraqlıdır…
Cəmi bir tur sonra "Sabah”ın baş məşqçisi Murad Musayev də açıqlamaları ilə diqqət mərkəzinə düşdü. "Turan Tovuz”a 0:2 hesabı ilə məğlub olan Bakı komandasının rusiyalı məşqçisi hakimlərə etiraza görə oyun zamanı qırmızı vərəqə ilə cəzalandırılıb. Qarşılaşmadan sonra Musayev də açıqlamasında hakim ədalətsizliyini qabardıb. O, "Niyə qırmızı vərəqə göstərdiyini hakimdən soruşmaq lazımdır. Futbol emosiya oyunudur. Hakim bir istiqamət götürməlidir. Ya sərt, ya da yumşaq oyuna imkan verməlidir. O, bu gün çox ədalətsiz qərarlar verdi. Məsələn, mənə görə, Amin Seydiyevə qarşı hərəkət qayda pozuntusu idi. Referi mübarizəni davam etdirdi və sonra qapımıza penalti göstərdi. Buna görə də emosional oldum və qırmızı vərəqə aldım. Hakimlər bundan əvvəlki oyunlarda da kobud səhvlərlə yadda qaldılar. Neçə dəfə sürətli hücumlarımızın qarşısını yanlış qərarlarla alıblar. Sizə bizim matçlardan 10 kobud hakim səhvi göstərə bilərəm”, - deyə bildirib.
Düzdür, İntizam Komitəsi hələ 23-cü turla bağlı qərarlarını açıqlamayıb. Amma ümid edirəm ki, heç olmasa "Sabah”ın baş məşqçisi dediklərinə görə cəzasını alacaq. Yeri gəlmişkən, rusiyalı mütəxəssis daha əvvəl, keçən ilin fevralında Azərbaycan kubokunda "Neftçi”yə uduzduqları matçdan sonra da hakimlər haqda tənqidi fikirlər səsləndirmişdi. Amma cəzalandırılmamışdı (qaynarinfo.az)…
Səbuhi Həsənov