Dünən görəvə gələn «Neftçi»nin yeni rəhbərliyi bu ay daha bir toplantı keçirəcək.
Yığıncağın dekabrın ikinci yarısında təşkili planlaşdırılır.
İclasda klubun növbəti illə bağlı görəcəyi işlər müzakirə olunacaq. Burada bir sıra mühüm qərarların verilməsi gözlənilir.
Təbii ki, gündəmdə olan bir nömrəli məsələ əsas komandayla əlaqədardır. «Ağ-qaralar»ın Lorentsiu Regekampfla vidalaşması qarşıdakı oyunlardan asılıdır.
Düzünü demək lazımdırsa, istər funksionerlər, istərsə də Müşahidə Şurasının yeni üzvləri baş məşqçidən narazıdır və bu, dünənki toplantıda da açıq ifadə olunub.
İclasda rumıniyalı mütəxəssisin gözləntilərin altında qalmasına dair fikirlər səsləndirilib və bildirilib ki, onun şəxsi həyatıyla bağlı xarici mediada çıxan xəbərlər klubun da reputasiyasına kölgə salır.
Rege bu ilin iyununda iş başına gətirilib. Tərflər arasında 2 illik müqavilə imzalanıb.
Komanda onun rəhbərliyi altında avrokuboklara erkən vida eləyib. Konfrans Liqasının ikinci mərhələsində «Rapid»ə (Vyana) uduzaraq, mübarizəni dayandırıblar.
Premyer Liqada yeni mövsümün əvvəli də yaxşı nəsə vəd eləmir. Çempimonluq iddiasıyla sezona başlayan paytaxt təmsilçisi 15 turda 32 xal toplayıb və lider «Qarabağ»dan 9 xal geri qalır.\
Dünən Müşahidə Şurasın (MŞ) tərkibində dəyişikliklər olub. Əvvəlki MŞ sədri Çingiz Abdullayevi SOCAR prezidenti Rövşən Nəcəf əvəzləyib.
Həmçinin, təhsil naziri Emin Əmrullayev, Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sultanov, Elnarə Məmmədova və Hafiz Zeynalov Müşahidə Şurasına yeni üzv seçiliblər.
Əvvəlki heyətdən yalnız Zaur Qəhrəmanovla Səməd Qurbanov öz vəzifələrində qalıblar.
Müşahidə Şurasının əvvəlki üzvləri Cəbrayıl Cəbrayılov, Fərhad Bədəlbəyli və Mehdi Nəcəfov isə klubdan ayrılıb.
SPORTİNFO.AZ