“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın Rumıniyaya qayıtmaq ehtimalı yüksəkdir.
Sportinfo.az-ın Rumıniya mətbuatına istinadən məlumatına görə, 47 yaşlı mütəxəssis yenidən “Styaua”nın sükanı arxasına keçməkdə israrlıdır.
Bildirilib ki, “Neftçi” ilə razılığa əsasən, müqaviləyə xitam vermək istəyən tərəf 500 min avro təzminat ödəməlidir. Regekampf isə qarşılıqlı razılıqla yolların ayrılacağına ümid edir.
“Styaua”nın prezidenti Gigi Becali də yeni çalışdırıcının adını DÇ-2022 zamanı açıqlamağı düşünür. Onun bu məsələni ləngitməsinin səbəbi məhz Regekampfla aparılan danışıqların hələ yekunlaşmamasıdır.
“Universitatya Krayova 1948”in sahibi Adrian Mititelu da bu keçidin baş tutacağına inanır. O, yaxın dostu Regekampfın “Styaua”nı arzuladığını söyləyib:
“Rege ilə Dubayda olarkən danışmışam. O, Dan Petresku ilə birlikdə Rumıniyanın ən yaxşı məşqçisidir. Başa düşə bilmirəm ki, “Styaua” rəhbərliyi niyə Regeni baş məşqçi gətirmir? Axı o, bunu çox arzulayır”.
Regekampfın “Neftçi” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. Hazırda 26 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “ağ-qaralar” lider “Qarabağ”dan 13 xal geri qalır.