“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Styaua”nın sükanı arxasına keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, Rumıniya mətbuatına danışan 47 yaşlı mütəxəssis bunu nə təsdiq, nə də təkzib edib.
O, suala konkret cavab verməməklə qeyri-müəyyənlik yaradıb:
“Mən bu mövzuda heç nə şərh etmək istəmirəm. Çünki deyəcəyim hər şey şərhə yol açacaq. “Styaua” ürəyimdə əbədi olan klubdur.
Gigi Becaliyə hörmət edirəm, orada nə etmək lazım olduğunu bilən insanlar var. “Styaua” mövzusunda hər hansı bir müzakirə və spekulyasiyaya girmək istəmirəm”.
“Styaua”nın sahibi Gigi Becali də Regekampf variantı ilə bağlı fikirlərini bölüşüb.
Nikolae Dika istefaya göndərildikdən sonra yeni baş məşqçi axtarışında olduqlarını söyləyən Rumıniya klubunun rəhbəri Regekampfın arzulanan mütəxəssis olduğunu etiraf edib.
Ancaq o, bunun baş tutmasının maliyyə cəhətdən çətin olduğunu da vurğulayıb: “Onun komandası var, orada çalışır. Regeni oradan necə çıxarmaq olar? Üstəlik, yüksək maaşı var, bir milyon yarım ley”.
Yayda “Neftçi”nin sükanı arxasına keçən Laurentsiu Regekampf məşqçilik karyerası ərzində 2 dəfə - 2012-2014 və 2015-2017-ci illərdə “Styaua”ya rəhbərlik edib.