"Hamımız matça hazırıq".
Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının VIII turunda "Qarabağ"a qarşı keçirəcəkləri oyun barədə klubun rəsmi televiziyasına açıqlamasında deyib.
47 yaşlı mütəxəssis qarşılaşma barədə inamlı olduğunu bildirib:
"Xüsusi hazırlıq keçməyi lazım bilmirəm. Motivasiya oyunun daxilindədir. Çox vacib görüş olacaq".
Rumıniyalı baş məşqçi çempionatdakı fasilə müddətində bütün futbolçularla birlikdə məşq edə bilmədiklərini xatırladıb:
"Vato Arveladze hələlik tam hazır deyil. Gürcüstan millisinin düşərgəsində olan Solomon Kvirkveliya indi Bakıya çatıb.
Eddi İsrafilov və Emin Mahmudov isə bu gün hazırlıq prosesinə qoşulub. Fasilə müddətində bəzi çatışmazlıqları aradan qaldırmağa çalışdıq".
Regekampf yığmalardan qayıdan oyunçularla bağlı problem yaşamayacağını söyləyib:
"Bu cür hallar bütün komandalarda olur. Amma fasilədən sonra ilk oyunun “Qarabağ”a qarşı olması yaxşıdır.
Çünki hər iki komanda motivasiyalıdır və qələbə qazanmaq istəyir. Düşünürəm ki, futbolçular matçın mahiyyətini dərk edib, yaxşı çıxış edəcəklər".
Oktyabrın 1-də keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 18:00-da başlayacaq.