“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf hazırda Rumıniyada gündəm adamıdır.
Dünən axşam saatlarında rəsmi nigahda olduğu, lakin ayrı yaşadığı həyat yoldaşı Anamariya Prodanın evinə gələrək onu və sürücü dostunu döyüb, söyüb, qadını və 14 yaşlı övladını ölümlə hədələyib.
Bu barədə tanınmış futbol agenti Prodan mətbuata açıqlamasında bildirib.
Hadisədən dərhal sonra Regekampf və zərərçəkmiş sürücü polis bölməsinə dəvət olunub. Rumıniyanın tanınmış məşqçisinə faktla bağlı cinayət işi açılıb.
Baş vermiş olay “Neftçi” rəhbərliyini narahat etməyə bilməz. “Qarabağ”la oyun ərəfəsində yaşanmış qalmaqal mütləq ki, baş məşqçiyə hansısa mənada təsir edəcək. Məsələylə bağlı cinayət işinin açılması da bir ayrı dərddir.
Maraqlıdır, klub başbilənləri olayla bağlı nə düşünür? Regekampfla danışıq olub? Baş məşqçinin Bakıya qayıtmasında hansısa əngəl yarana bilər?
“Ağ-qaralar”ın Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev Sportinfo.az-a açıqlamasında qalmaqallı hadisəyə münasibət bildirib:
“Hadisədən xəbərdarıq. Baş məşqçi ailə məsələləri ilə bağlı icazə alaraq Rumıniyaya yollanıb. Və sentyabrın 25-də Bakıda olacağını bildirib.
Olay baş verəndən sonra klubdan onunla əlaqə saxlanılıb. Laurentsiu Regekampf yaşananların şəxsi məsələ olduğunu və heç də yazıldığı kimi olmadığını bildirib. Baş məşqçi sabah Bakıya qayıtmalıdır”.
Oktyabrın 1-də “Neftçi” Premyer Liqanın 8-ci turu çərçivəsində “Azersun Arena”da “Qarabağ”ın qonağı olacaq.
HƏBİB
Qalmaqallı videonu bu linkə daxil olaraq izləyə bilərsiz: