![“Neftçi” böyük sponsorluq müqaviləsi imzaladı - 5 İLLİK](https://www.sportinfo.az/media/2025/02/07/01ac92f2-b5c3-39bf-941f-2c64943e690a_850.jpg)
“Neftçi” PFK ilə “International Holding Company”yə (IHC) məxsus olan “Palms Sports” arasında beşillik sponsorluq müqaviləsi imzalanıb.
Sportinfo.az xəbər verir ki, 2025-2030-cu illəri əhatə edən müqaviləyə əsasən, “Palms Sports” “Neftçi Arena” və “Neftçi” Futbol Mərkəzinin adlandırma hüquqlarını əldə edib.
Yeni adlar tərəfdaşların ortaq qərarı ilə müəyyən ediləcək və xəritələr, naviqasiya əlavələri ilə bütün rəsmi platformalarda yenilənəcək.
“Neftçi” PFK-nın A komandasının 2025-2030-cu illər arasındakı bütün rəsmi və yoldaşlıq oyunlarında “Palms Sports” loqolarından biri 2025/2026 mövsümünün başlanğıcından etibarən formaların ön tərəfində yer alacaq. Loqolar oyun formalarından əlavə, məşq ləvazimatlarında və azarkeş məhsullarında da istifadə olunacaq.
Bu sponsorluq müqaviləsi yalnız “Neftçi” PFK-nın maliyyə davamlılığını artırmayacaq, həmçinin klubun beynəlxalq miqyasda daha çox tanınmasına kömək edəcək. Uzunmüddətli iş birliyi modeli həm brendlər, həm də klub üçün möhkəm təməllər atmağı hədəfləyir.
“Palms Sports” International Holding Company (IHC) şirkətinin bir müəssisəsi olaraq 2011-ci ildə yaradılıb və mərkəzi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yerləşən idman menecmenti və təlim şirkətidir.
IHC-Palms Sports son illərdə bir çox yeni strateji tərəfdaşlıqlar imzalayaraq brendin idman və biznes sahəsində nüfuzunu dəfələrlə artırıb.
Tədbirdə “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer, klubun İdarə Heyətinin üzvü Emin Əmrullayev və "Palms Ports"un icraçı direktoru Fouad Darviş iştirak ediblər.