Roman Qriqorçuk “Neftçi”yə gələndə əkilən ağaclar artıq bar verir, doğulan uşaqlar iməkləyir, yay öz yerini payıza verib.
Di gəl, “Neftçi” qələbə üzünə həsrətdir.
Zarafat deyil, bakılılar Premyer Liqada keçirdiyi 8 oyunun heç birini 3 xalla başa vura bilməyib. Və avrokubok hədəfindəki əsas rəqiblərin hamısına boyun əyib. Klubun tarixində ilk belə uğursuz başlanğıcdır.
Rəhbərlik, azarkeşlər, klub və komanda çalışanlar – hamı gözünü və ümidini “Kəpəz”lə görüşə dikib. Ki, Tovuzda baş tutacaq qarşılaşmada “ağ-qaralar” qalib gələcək və bununla da işıqlı günlər başlayacaq.
Maraqlıdır ki, gəncəlilər də eyni arzuyla yaşayır. Onlar da “Nefttçi”nin qara günlərindən maksimum istifadə etməklə yeni eraya qədəm qoymaq həvəsindədir.
Azarkeş və meydan amili müəyyən faiz üstünlüyü ilə “Kəpəz”in xeyrinə işləyəcək. Düzdür, azarkeş baxımından nəsə demək çətindir. Çünki Gəncədəki matçlardan fərqli, Tovuzda onların sayı elə də çox olmur.
Amma süni örtük faktı istənilən halda bakılıların əhvalına “soğan doğrayır”. “Neftçi”nin öncəki 2 ildə Tovuz səfərləri zamanı hansı çətinliklərlə üzləşdiyini yada salmaq kifayət edir. Əksinə, gəncəlilər üçün orada oynamaq rahatdır.
Ölkənin ən köklü tarixə malik komandalarının psixoloji durumu eyni olsa da, “Neftçi”dəki gərginlik pik həddinə çatıb.
Roman Qriqorçuk və yetirmələri növbəti məğlubiyyət təqdirində onları nələrin gözləyəcəyini yaxşı bilirlər. Azər Bağırovla yetirmələri isə çempionatın “ən kasıb klubu” statusu ilə barışmaqla mövcud durumla barışıblar.
“Neftçi” bu oyundan yalnız və yalnız ayrı-ayrı futbolçuların ustalıq keyfiyyətinə görə qələbəylə ayrıla bilər. Çünki komanda oyunu yoxdur. Hər halda, çox maraqlı olacaq.
Oktyabrın 4-də keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ