“Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviç Sportinfo.az-a müsahibə verib.
Monteneqrolu çalışdırıcı “ağ-qaralar”la yaşadığı uğursuzluğun səbəblərini söyləyib, çıxış yolunu göstərib və bir sıra maraqlı açıqlamalarla yadda qalıb.
- Necəsiz? İstirahət edirsiniz yəqin.
- Artıq Belqraddayam. Mövsüm başa çatandan sonra iki həftəlik Yunanıstana getmişdim. İstirahəti başa vurub evə qayıtdım. Hər şey qaydasındadır.
- Yorğunluğu ata bildiniz?
- Tam olmasa da, müəyyən mənada alındı.
- Yəqin ki, bu müddətdə oturub düşünmək üçün vaxtınız oldu. “Neftçi” mövsümü niyə uğursuz başa vurdu? Niyə avrokuboklardan kənarda qaldı?
- Bilirəm, bəhanə kimi qəbul olunacaq, amma nəticə vermək üçün 4-5 ay yetərli vaxt deyil. Heç vaxt olmadığım ölkədə, anlayışsız olduğum çempionatda işə başlayırdım. Buna baxmayaraq, Adrian Mutunun dövründəkindən daha çox xal toplamağı bacardıq. Nəzərə alaq ki, qış fasiləsindən sonra xal yığmaq daha çətin olur. Zədəlilərimiz oldu, başqa problemlərlə üzləşdik, amma yenə də son tura qədər mübarizədən qopmadıq. “Neftçi”də çalışmaq mənə böyük təcrübə verdi. Azərbaycan gözəl ölkədir, Bakı möhtəşəm şəhərdir, insanları isə inanılmaz dərəcədə mükəmməldirlər. Bunları hər yerdə deyirəm.
- Həqiqətənmi “Neftçi”də nəticə vermək bu qədər çətindir?
- Bu klubda hər zaman daha artığını tələb edirlər. Azarekşlər uğurlu nəticələrlə yanaşı parlaq oyun görmək istəyirlər. “Neftçi” vaxtilə böyük nəticələrə imza atıb, hər zaman flaqman rolunu oynayıb. Amma indiki vəziyyət başqadır. Bu dəqiqə “Qarabağ” “Neftçi”dən və digərlərindən güclüdür. Bunu qəbul etmək lazımdır.
- “Qarabağ”ı başa düşürük. Söhbət “Neftçi”nin “Sumqayıt”, “Zirə” və “Sabah”dan geri qalıb 5-ci yeri tutmasından gedir.
- “Sumqayıt”la “Neftçi Arena”dakı oyunumuzu yada salın. Hakimlər “Sumqayıt”a çox kömək etdilər və həmin matçda bizi yerə gömdülər. “Zirə” azlıqda qalmasına baxmayaraq, bizi layiqli şəkildə məğlub etməyi bacardı. “Sabah” isə “Neftçi”dən daha hazırlıqlı idi. Onların haqqını verməliyik.
- Klub rəhbərliyi sizinlə müqaviləni yeniləməməklə doğru qərar qəbul etdi?
- Fikrimcə, zaman xeyrimə işləyirdi. Hər ötən gün komandanı və futbolçuları daha yaxından tanımağa başlayırdım. Çempionata və orada mübarizə aparan komandalara yaxından bələd idim. “Qarabağ”a böyük hesabla uduzduğumuz oyundan sonra belə, sınmadıq, “Kəpəz”i 5:1, “Səbail”i 3:0 hesabı ilə udmağı bacardıq. Bizə fasilə lazım idi ki, çatışmazlıqları aradan qaldıraq, yeni mövsüm üçün ideal komanda hazırlayaq.
- “Neftçi” rəhbərliyinin yerində olsaydınız, bu nəticələrdən sonra Miodraq Bojoviçi postunda saxlayardınız?
- Düşünsəydim ki, 4 ay böyük müddətdir, xeyr, saxlamazdım. Fikirləşsəydim ki, baş məşqçiyə nəticə vermək üçün daha çox zaman lazımdır, bəli, yeni müqavilə bağlayardım. “Neftçi”də futbolçuların yaş ortalaması çoxdur. Buna baxmayaraq, sona qədər Rza Cəfərova şans verdik, mən gələndən sonra Ağadadaş Salyanski oynamağa başladı. Amma “Neftçi” elə klubdur ki, orada vaxt verilmir. Baş məşqçiləri 5-6 aydan bir dəyişmək “Neftçi”ni uğura aparmayacaq. Bu, çıxış yolu deyil. Qurban Qurbanov görün neçə ildir “Qarabağ”ı çalışdırır.
- 16 ildir.
- Görürsünüz? Ona halal olsun! Həqiqətən güclü rəhbər, bacarıqlı məşqçidir. “Neftçi”nin əsas problemi bilirsiniz nədir? Bəzi adamların “Neftçi”ni “Qarabağ”dan üstün görmələri. “Qarabağ” bu gün təşkilatçılıqda, seleksiyada, baş məşqçi, futbolçu keyfiyyətində, futbola lazım olan bütün cəhətlərdə “Neftçi”ni üstələyir. Bunu qəbul edib, aradakı fərqi aradan qaldırmaq yolunda işləmək lazımdır, dildə “biz “Qarabağ”dan üstünük” demək yox. Keçmişdə qazanılan nəticələr keçmişdə qalır, bu günə baxmaq və qəbullanmaq lazımdır.
- “Sabah”a məğlubiyyətdən sonra verdiyiniz açıqlama geniş müzakirələrə yol açmışdı: “Bəli, günahkaram, amma yeganə günahkar mən deyiləm”. Kimləri nəzərdə tutmuşdunuz?
- Nəticə yoxdursa, ən böyük günah baş məşqçinin üzərindədir. Bu, futbolun yazılmamış qanunudur. Və hər məşqçi bunu bilir. Əsas günahkar mən idim, amma “Neftçi”də elə adamlar var ki, harada səhvə yol verdiklərini düşünməlidirlər.
- Rəhbərlikdə?
- Məlumdur.
HƏBİB