
“Səbail” Premyer Liqanın 32-ci turunu da qələbəsiz başa vurmaqla elitadakı yerini qorumaq şansını bir az da çətinə saldı.
Matçın son saniyələrində Madi Quetanın 100 faizlik qol şansını əldən verməsi bəlkə də komandanın taleyini həll etdi.
Oyundan sonra Sportinfo.az-a müsahibə verən fransalı hücumçu David Qomis sualları cavablandırıb.
-1 xalı qazanc hesab etmək olar?
-Məqsədimiz meydanı qələbə ilə tərk etmək idi. Lakin ümumi götürsək, 1 xal da qazanc sayılmalıdır. İnşallah, növbəti oyunda hədəfə çatarıq. Məncə üç qələbə və bir heç-heçə ilə hədəfə çatmaq olar. Görəcəyik.
-Sənə elə gəlmir ki, “Səbail”in Premyer Liqada qalmaq şansı Madi Quetanın son saniyələrdə qaçırdığı 100 faizlik qol şansı ilə heçə endi.
-Hələ heç nə bitməyib. Əminəm ki, mübarizə sona qədər davam edəcək.
-Qalib gəlsəydiz, “Kəpəz”lə xal fərqi 5-ə enəcəkdi və bu, son 4 tur üçün kifayət qədər əlverişli imkan yaradacaqdı.
-Futbolda belə hallar olur. Madinin məqsədi qol vurmaq idi, lakin topa istədiyi kimi toxuna bilmədi. Şanssızlıq sabah mənim, yaxud Alluşun başına gələ bilər. Fikrimizi həmin epizoda yox, növbəti oyunlara kökləməliyik.
-Açıq danışaq, elitada qalmaq şansınız yox dərəcəsində azdır. 4 turda 7 xallıq fərqi aradan qaldırmaq...
-Futbolda elə nəticələr olur ki, adam gözlərinə inana bilmir. Qarşımızda 12 mümkün xal var, fərq isə 7-dir. Biz “Kəpəz”in yox, öz nəticələrimizə baxıb, hər matça final kimi yanaşsaq, vəziyyəti dəyişə bilərik. Gücümüzə inanırıq.
-Klubla müqavilənin müddəti cari mövsümdə başa çatır?
-Bəli.
-“Səbail” I Liqaya yuvarlansa, yeni müqavilə bağlayıb, aşağı dəstədə oynayarsan?
-Hazırda bu barədə düşünmürəm və düşünmək də istəmirəm. Məqsədimiz elitada qalmaqdır. İnanıram ki, buna nail olacağıq. Gələcəkdə nə baş verəcəyini deyə bilmərəm. Bunu Allahdan başqa heç kim bilmir.
HƏBİB