
Ruslan Poladov zəngin karyerası ilə seçilən yerli oyunçulardan hesab olunur.
Sumqayıt futbolunun yetirməsi "Keşlə" (indiki "Şamaxı"), "Simurq", "Sumqayıt", "Xəzər Lənkəran", "Zirə", "Şəmkir", "Şuşa", "Rəvan", "Qaradağ", "Standart" və "Qusar" kimi komandaların formasını geyinib.
45 yaşlı müdafiəçi bu gün də karyerasını davam etdirir. O, İkinci Liqada çıxış edən "Füzuli"nin şərəfini qoruyur.
Meydandakı mübariz oyunu, sürətli keçidləri ilə yaddaşlarda qalan Poladov paralel olaraq Sumqayıt Futbol Akademiyasında məşqçi kimi çalışır.
Gənc mütəxəssislə söhbətimiz də məhz U-15 komandasının baş məşqçisi kimi baş tutdu.
- Mövsüm necə keçir?
- Şükürlər olsun ki, işlərimiz yaxşı gedir. Komandamız əsas mərhələdə üçüncü pilləni tutaraq pley-off mərhələsinə vəsiqə qazanıb. Buradakı püşkatmanın nəticəsini gözləyirik.
- Bu yaşda uşaqlar üçün nəticə çox vacibdir?
- Önəmli olan tutduğumuz yer yox, oynadığmız futboldur.
- Sizi məmnun edir?
- Bəli. Açıq deyim ki, akademiyamızın U-15 komandası oynadığı futbolla adından söz etdirməyi bacarıb. Təbii ki, bizimlə bərabər, daha öncə çalışan bütün məşqçilərin əməyi böyükdür.
- Göstərici adətən milli komandalara və daha yuxarı yaş qruplarında çıxış edən futbolçuların sayı ilə ölçülür. Bu baxımdan vəziyyət necədir?
- 3-4 oyunçumuz mütəmadi olaraq milli komandalara dəvət alır. Qapıçımız Ülvi Abbaslı bəzən əsas komanda ilə məşqlərə qatılır. Zakir müəllimin və A komandasından məşqçisi Emin müəllimin diqqəti gələcəkdə Ülvini daha yuxarı yerlərə apara bilər. Digər sevindirici hal odur ki, bombardirimiz olan Ömər Kosayev U-16 və U-17 komandalarının heyətində də fərqlənməyi bacarıb.
- Aşağı yaş qruplarının iştirak etdiyi liqaların vəziyyəti sizi qane edir?
- Ümumi götürsək futbolumuzda çatışmayan bir çox şeylər var. Həmçinin də bu yaş qruplarında. Biz məşqçilərin də çatışmayan cəhətləri var. Zamanla düzəltməyə çalışırıq.
- Məşqçilərin inkişafı üçün akademiya rəhbərliyi nə kimi addımlar atır?
- Hakan Sünal Akademiya rəhbərliyinə gələndən sonra inkişaf üçün yeni metodlardan yararlanır. Bir çox klubların inkişaf proqramları ilə bizi yaxından tanış edib. Məşq və oyun prinsiplərində yenilikləri çoxdur. Məşqçilərimizin inkişafı heç də təsadüfi deyil. Məhz görülən işlərin nəticəsidir.
- Uşaqlarla işləmək üçün bir məşqçinin nələrə diqqət etməsi lazımdır?
- Tək məşqçi yox, həm psixoloq, həm valideyn, həm də lazım gələndə böyük qardaş kimi davranmalısan.
- Bütün bunları bir arada tutmaq çətin deyil?
- İşi sevgi ilə görəndə heç bir çətinliyi olmur. Əksinə çox zövqvericidir. Bir məşqçi kimi hər gün nəsə öyrənməlisən. Və bunu futbolçulara çatdırmağı bacarmalısan ki, sonra tələb edə biləsən.
- 14 yaşına kimi özünü yaxşı tərəfdən göstərən bir çox istedadları sonrakı 2-3 ildə itiririk. Bu nə ilə bağlıdır?
- Açığı, U-15, U-17 liqalarında xüsusi çətinlik var. Bu yaş qruplarında olan uşaqlar buraxılış və qəbul imtahanına hazırlaşır. Təhsillə məşqləri tənzimləmək çətinləşir. Burada normal qidalanma, istirahət etmək şərtdir. Ona görə də hər bir xırda detala fikir vermək lazımdır. Məşqçi və valideyn arasında işbirliyi mütləqdir.
- Valideynlərlə bu mövzuda görüşlər keçirilir?
- Hər həftə onlarla görüşlərimiz olur. Mümkün qədər yaxından tanış olmağa çalışırıq ki, problemlərin aradan qaldırılmasına kömək edə bilək. Uşaqların təhsilləri ilə yaxından maraqlanırıq.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə hazırlanıb.
XANOĞLAN İMANOV