
“Qarabağ” ölkə kubokunun yarımfinalında “Araz-Naxçıvan” səddini adlayaraq finala vəsiqə qazandı.
Sportinfo.az-a müsahibə verən momteneqrolu yarımmüdafiəçi Marko Yankoviç 5 dəqiqəlik söhbətdə bir sıra məqamlara aydınlıq gətirib.
- Son vaxtlar “Qarabağ” üçün prinsipial rəqibə çevrilən “Araz-Naxçıvan”ı məğlub etməyin sevinci digər qələbələrdən fərqlənir?
- Futbolda bu cür prinsipiallıqların olması xoş haldır. Təzyiq hiss edirsən, oyuna daha çox motivasiya olursan, meydanda gərgin mübarizə gedir. Belə olması yaxşıdır, ancaq həddi aşmamaq şərti ilə. Meydandakı mübarizə idman prinsiplərindən o tərəfə keçməməlidir. “Araz-Naxçıvan”a qarşı oynamaq həqiqətən çətindir. Bu komandanın oyun dəsti-xətti var, ağıllı oyun nümayiş etdirir. Layiqli qələbə ilə finala yüksəldiyimizi düşünürəm. Nəticədən çox oyundan həzz aldığımı deyərdim.
-“Araz-Naxçıvan”a qarşı oynamaq çətindir, yoxsa Felipe Santosa qarşı?
- Nə mənada?
- Təxribata meyilli olduğunu nəzərə alsaq.
- Təxribatçı ola bilər. Bu gün də buna cəhd etdi, lakin hər birimiz peşəkarlıq göstərib təxribata uymadıq. Meydanda nə iş görəcəyimizi bilirdik və buna uyğun hərəkət edirdik. Rəqib futbolçunun nə etməsi məni qətiyyən maraqlandırmır.
- Yeri gəlmişkən, “Zirə” erkən çempionluğunuza imkan vermir.
- Bunun o qədər də önəmi yoxdur. Bu gün çempion olduq, yaxud sabah. Dəyişən yalnız zamandır, hədəf yerində qalır. 99 faiz çempionuq, bu, bəs edir.
- Bir saatdan sonra “Sabah”la “Neftçi” arasında cavab oyunu başlayacaq. Finalda hansı komandaya qarşı rəqib qismində mübarizə aparmağı arzulayırsan?
- Biz öz işimizə və hədəflərimizə baxırıq. Hansı komanda mərhələni adlayacaqsa, ona qarşı oynayacağıq. Reqlament belə deyir. Mənim, yaxud kiminsə istəməyi ilə deyil.
- Nəzərə alaq ki, “Qarabağ”ın “Neftçi” ilə oyunları daha səs-küylü olur və azarkeşlər bundan zövq alır.
- Azarkeşlərin marağı və stadiondakı ab-hava baxımından deyirsinizsə, bəli, finalda “Neftçi”yə qarşı oynamaq xoş olardı. Ancaq bu, o demək deyil ki, bu gün mərhələni “Neftçi” keçəcək. Bəlkə də sevinən tərəf “Sabah” olacaq. Hansı olur olsun, biz meydana çıxıb öz işimizi görəcəyik.
HƏBİB