
Azərbaycan futbolunda tovuzlu futbolçular hər zaman xüsusi çəkiyə sahib olub.
Bu gün də Tovuzda kifayət qədər uşaq və yeniyetmə bu oyunun sirləri ilə tanış olur, gələcəkdə böyük futbolçu olmağın xəyalları ilə yaşayır.
Ötən həftə bölgədə baş tutan “Turan Tovuz-2” ilə “Sabah-2” arasında baş tutan oyunda (2:2) yerli gənclərin nəyə qadir olduğunu yaxından görmək şansını qazanınca, qarşılaşmadan sonra birincilərin baş məşqçisi Nizami Ocaqverdiyevlə müsahibə imkanını əldən vermədim.
- Komandanızın oyunundan və nəticədən nə dərəcədə razı qaldınız?
-“Sabah-2”nin gücünə bələdik. Bu gün çempionatdakı bütün komandalardan güclüdür, çempionluq uğrunda “Neftçi-2” ilə mübarizə aparır. Biz isə heyətlə bağlı çətinliklər yaşayırıq. Bu oyun üçün heyətdə 11 futbolçumuz var idi, ehtiyat qüvvə baxımından əziyyət çəkirik. Ehtiyatda qalan uşaqlar dünən U-19 komandasında oynamışdı deyə, riskə getmək istəmədik. Ümumi götürsək, komandanın əzmkarlığından tam razı qalaraq hər birinə təşəkkür etdim. Son saniyələrdə qol buraxmasaydıq, qələbə qazana bilərdik. 2 xal itirdik. Eybi yox, futboldur, belə hallar olur.
-Qalib gəlsəydiz, sona 6 tur qalmış çempionluq uğrunda mübarizə aparmaq olardı?
-Bu heyətlə çətindir. Qış fasiləsində əsas heyətin yeddi üzvü komandanı tərk etdi. Onların yerini doldurmaq üçün gözləməliyik. 17-18 yaşlı uşaqların əvəzedicilərlə başa-baş mübarizə aparması, lazım olan səviyyəyə çatması üçün təcrübə toplamaları mütləqdir. Bunun üçün zaman lazımdır.
-Ötən mövsüm nəticələrlə bağlı durum ürəkaçan deyildi. Cari mövsümdə uzun müddət birincilik üçün mübarizə apardınız, hazırda ilk “3-lük”dəsiz. 1 ildə nəticələrin yaxşıya doğru dəyişməsi üçün nə etdiniz?
-Keçən il sıfırdan komanda yığmışdıq. Ona görə də 0:5, 0:8 hesabları ilə uduzurduq. O vaxt da deyirdim ki, bu, müvəqqətidir, uşaqlar təcrübə topladıqca nəticələr yaxşılaşacaq. Və bu il bəhrəsini görməyə başlayırdıq. Yeni-yeni özümüzə gəlirdik ki, qış fasiləsində əsas oyunçular bizi tərk etdi.
-Kütləvi ayrılığa nə səbəb oldu?
-Əsasən maddiyatla bağlıdır. Bəziləri I Liqada oynamağı əvəzedicilərdə top qovmaqdan üstün tutdu, bəziləri də əlverişli maliyyə şərtlərinə görə getdi. Qərarı özbaşıma vermədim, rəhbərliklə müzakirələrdən sonra razılığa gəldik. Onları da başa düşmək lazımdır. I Liqanın səviyyəsi kifayət qədər yüksəlib, rəqabət göz oxşayır. Daha güclü liqada daha güclü rəqiblərə qarşı oynamaq istəyirlər.
-Pulsuz buraxdınız, yoxsa transfer haqqı qarşılığında?
-Beş nəfəri icarəyə vermişik, digərlərinə oynamaq üçün şərait yaratdıq.
-Yayda yenidən “Turan-2”yə qayıdacaqlar?
-Yaş məsələsi imkan verməyəcək. Əvəzedicilər Liqasında yaşla bağlı limit var. Ona görə də heç də hamısı oynaya bilməyəcək.
-Əsas komandanın baş məşqçisi Kurban Berdıyevlə görüşləriniz, müzakirələriniz olur?
-Berdıyev xaraktercə sakitliyi sevən, müşahidə etməyi xoşlayan adamdır. Komandamızın oyunlarından və nəticələrindən xəbərdardır. Baxır, izləyir, diqqətdə saxlayır. Ancaq ünsiyyətimiz yoxdur. Mən əsasən köməkçiləri ilə əlaqə saxlayıram, danışıram.
-İcarəyə verilən istedadlı gənclərə əsas komandada yer tapılmamasının səbəbini nədə görürsünüz?
-Premyer Liqadakı rəqabət çox güclüdür. Bütün komandalar əsasən təcrübəli futbolçulara şans verir. Çünki baş məşqçilərin qarşısında hədəf var. Belə vəziyyətdə gənclərə güvənmək bəlkə də risk olar. Həm də Berdıyevin birinci ilidir. Yəqin ki, zamanla gənclərə şans veriləcək. Bir şey var ki, futbolçularımız hissəli şəkildə əsas komandanın məşqlərində iştirak edirlər. Bunun özü də vacib amildir.
-Hazırda ixtiyarınızda olan futbolçulardan Premyer Liqanın tələblərinə cavab verənləri var?
-Təəssüf ki, Premyer Liqada oynamağa 100 faiz hazır olan futbolçumuz yoxdur.
-Əvəzedici komandanın baş məşqçisi kimi siz də U-17 və U-19 komandalarını diqqətdə saxlayırsınız. Oradakı vəziyyət necədir? Diqqətinizi çəkən istedadlar var?
-U-19-un üzvləri onsuz da bizimlə birlikdədir, gözümüzün qabağındadır. Ancaq U-17-də, U-15-də kifayət qədər bacarıqlı futbolçularımız var. U-17 komandasından üç nəfər bizimlədir, 2008-ci ildə anadan olanlardır. Bəzilərinin 17 yaşı tamam olmayıb. Həmyaşıdları arasında xüsusi şəkildə fərqlənənləri mərhələli şəkildə cəlb edirik.
-Bir futbolçu müxtəlif yaş qruplarında oynayır, nəticədə hədsiz yüklənir, “suyu çıxır”. Yüklənməni necə tənzimləyirsiniz?
-Bu, təkcə “Turan Tovuz”un problemi deyil. Sizi inandırım, əksər klublarda belədir. Məşqçilərlə, rəhbərlərlə söhbət edirik, “Qarabağ”, “Neftçi” kimi klubları çıxmaq şərti ilə əksəriyyət bu problemdən gileylənir. Bu gün qarşılaşdığımız “Sabah-2”in əksər üzvləri həm də U-19-da oynayır. Digər tərəfdən, U-19 üçün oyunların sayı çoxdur. Məncə, dörd dövrəli sistemi başqa formatda keçirib, oyunların sayını azaltmaq olar.
-Uşaq futbolunda inkişafa nail olmaq üçün maliyyə çox önəmlidir? Məsələn, “Turan Tovuz”a yeni sponsorun gəlişindən sonra bu istiqamətdə kəskin irəliləyişə nail olduğunuzu demək olar?
-Əlbəttə, vacibdir. Uşaq futbolunda nəyəsə nail olmaq üçün şərait çox önəmlidir. Məşq meydançaları, geyim dəstləri, inventarlar, qidalanma, məskunlaşma, dərman pereparatları, qulluq – bunların hamısı xərc tələb edir. Şükürlər olsun, bu baxımdan vəziyyət yaxşı yox, əladır. Rəhbərlikdən “yox” sözü eşitmirik. Nə lazımdırsa, nəyə ehtiyac varsa, yazıb qoyuram masanın üzərinə, dərhal həllini tapır. Nəyisə ikinci dəfə təkrar etməyə ehtiyac qalmır.
Həbib Aslanov
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.