"Rəşad Sadıqovu AFFA-ya dəvət etdik ki..." - O, 19 il sonra hər şeyi "Sportinfo"ya danışdı

19 Aprel 14:00 Müsahibə 1 710
"Rəşad Sadıqovu AFFA-ya dəvət etdik ki..." - O, 19 il sonra hər şeyi "Sportinfo"ya danışdı

Futbol mütəxəssisi Şahin Diniyev Sportinfo.az-a müsahibə verib.

Bu mövsümün gedişində "Səbail"in baş məşqçi postundan istefa verən təcrübəli çalışdırıcı ilə söhbətə elə sonuncu komandası ilə bağlı suallarla başladıq.

Ardınca Premyer Liqanın hazırkı durumu, qarşıdan gələn avrokuboklar perspektivlərini müzakirə etdik.

Maraqlı alınan müsahibə hətta bizi 19 il əvvəl Azərbaycan millisinin Ukrayna faciəsindən (0:6) sonra yaşanan və bu gün də müzakirə olunan hadisələrə kimi apardı. Diniyev bir çox faktları ilk dəfə bizə açıqladı. Sizi çox intizarda saxlamadan keçək müsahibəyə.

- İşsiz günlər çətin keçmir?

- Çətin olmadığını desəm yalan olar. Lap uşaq yaşlarımdan futbolun içindəyəm. Ağır deyil, amma çətindir. Futbolu sevən hər kəsə belədir. Yox, bura bir qazanc kimi baxırsansa çətin olmaz. Amma çox da kədərlənmirəm. Sağlamlıq da vacibdir. Futbol da əsəb-stres dolu bir oyundur. Sən də həmin gərginliyin içində olursan. Sağlamlıq əldən gedir.

- Kənardan "Səbail" necə görünür?

- Keçmiş komandam haqqında mənfi fikirlər deməyəcəm. Ancaq səmimiyyətimə inanın ki, komandanın Premyer Liqada yerini qorumasını çox istəyirəm. Çünki orada azarkeşlərdən tutmuş xadiməçiyə, sürücüyə kimi evinə çörək aparan insanlar var. Ən başlıcası akademiyada 300-ə yaxın uşaq var. Komandanın elitadan düşməsi uşaqların taleyinə təsir edəcək. Təbii olaraq bir çox şeylər ixtisara düşəcək. "Səbail"dən getməyim də öz istəyimlə oldu. Bir yerdə xeyir verə bilmirsənsə, uzaqlaşmaq və yeni nəfəsin gəlməsi üçün yol açmaq daha yaxşıdır, nəinki vəzifədən iki əlli yapışmaq.

- Siz gedəndə komanda sonuncu pillədən 1 xal öndə idisə, bu gün sona 6 tur qalmış "Kəpəz"in 8 xal gerisindədir. Hər şey bitmiş kimi görünürmü?

- Durum ürək ağrıdır. Amma ümid sonda ölür. Düşünürəm ki, məsələni həll etmək üçün yetəri qədər oyunçu potensialı var. Uğurlar arzulayıram. Çox istəyirəm ki, növbəti mövsüm də "Səbail" Premyer Liqada yoluna davam etsin.

- Arxada qalan müddətdə istefa verməyinizə peşman olduğunuz an olubmu?

- Futbola bu gün gəlməmişəm. Emosiyalar altında addım atmıram. Bu qərar yavaş-yavaş yığılan bir şeyin nəticəsiydi. Durduq yerdə belə qərar olmadı. Hər gün nəsə görürdüm. Gələcək perespektiv yox idi. Kiminsə günahkar olduğunu demirəm. Bəlkə də bir az tez, bəlkə də bir az gec getməliydim. Buna heç birimiz cavab verə bilmərik.

- Sabiq komandanıza kənardan baxmaq istəmədiniz, bəs Premyer Liqa kənardan necə görünür?

- Bəzən futbol adamları oyunlar baxmadığını, izləmədiyini deyir. Mənə elə gəlir ki, futbolun içindəsənsə izləməlisən. Vacib işlərimi kənara atıb baxmasam belə, imkanım olduqca oyunları izləyirəm. Ötən mövsümlə müqayisədə daha güclü çempionat keçir. Rəqabət artıb, intriqa var. Son turlara kimi 4-5 komandanın elitanı tərk etmək qorxusu vardı. Avrokuboklar uğurunda da mübarizə gərgin keçdi. Keyfiyyətli oyunlar çox görürük. "Qarabağ" bütün oyunları əvvəlki illərdə olduğu kimi asan udmadı. Hər bir oyuna maksimum güclə çıxıb, əziyyət çəkməli oldular. Rotasiyalar az oldu. "Zirə" də göstərdiyi performansa görə ikinci pilləyə layiqdir. "Araz Naxçıvan" məsələni həll edib. İlk üçlükdə komanda yer alsa kubok da o qədər maraqlı olmayacaq. Yəni o qədər də təsir etməyəcək. Təbii ki, titul qazanmaq istəyi yerində qalacaq. "Turan Tovuz" çox enişli-yoxuşlu qrafik cızır. Çempionatda qalmaq uğurunda mübarizə "Kəpəz" və "Səbail" arasında gedir. 3 xallıq çempionatda hər şey mümkündür.

- Artıq uzun müddətdir Premyer Liqa iki zonaya bölünüb - "Qarabağ" və digərləri. "Qarabağ"ı bildik, bəs digərləri arasında kimin çıxışını xüsusi qeyd edərdiniz?

- Bir az düşünməyə ehtiyac var. "Turan Tovuz" və "Araz-Naxçıvan"ın bu gün avrokuboklara getməyi uğurdu. "Sabah" və "Neftçi"nin kənarda qalması təəccübləndiricidir. Ancaq oyun keyfiyyətinə baxası olsaq, "Zirə" tam başqa bir "Zirə" olub.

- Nə mənada?

- Məşqçi, mütəxəssis gözü ilə baxanda tam başqa bir futbol oynayır. Yeganə komandadır ki, hər oyunda rotasiyalar etmək gücündədir. Rəqiblərə, oyunlara görə heyət dəyişir. Heç kim özünü əsas "11-lik"də daimi hiss etmir. Ötən mövsüm "Zirə" uzun müddət qol vura bilmirdi. İrəlidə ciddi problemləri vardı. Bu mövsüm tam başqa "Zirə"dir. "Qarabağ"a layiq rəqib formalaşıb. Bir çox komponentlərdə "Qarabağ"dan geri qalmır. Əvvəl daha çox etibarlı müdafiə ilə seçilirdisə, bu gün hücumda da çox rəngarəngdir. Bu gün "Turan" daha çox standartlardan sonra qol vurur. "Zirə"də vəziyyət fərqlidir. Duran toplardan, ev tapşırığından, əks-hücumlardan, mövqe hücumlarından sonra qollar vurmasını görürük. "Qarabağ" və "Neftçi" ilə görüşlərdəki geridönüşlər qeyd olunmalıdır. Məncə, ötən mövsüm Avropa Liqasındakı uğurun ardı gəlir.

- Futbol ictimaiyyəti hətta düşünür ki, "Zirə"nin timsalında ikinci "Qarabağ" formalaşmağın astanasındadır...

- Bu gün "Zirə" "Qarabağ"dan sonra ən çox qol vuran komandadır. Oxşarlıq tapa bilərik. Rəşad Sadıqov "Qarabağ" təcrübəsini yaşayıb. Məncə, gənc olmasına rəğmən Rəşad prosesləri bir qədər də tezləşdirib. Ötən mövsüm avrokuboklarda yetərincə səviyyəli komandaları təsadüf yox, oyunla udaraq pley-offa yüksəldi. Düşünürəm ki, bu gün komanda ötənilki sezondan daha keyfiyyətlidir.

- Bu məqam ümid verirmi ki, nəhayət bu yay iki təmsilçimizi qrup mərhələsində görək?

- Futbolda proqnoz vermək çox çətindir. Amma mənə elə gəlir ki, çox yaxındırlar. Göstərdiyi oyuna görə "Zirə" qrup mərhələsində olmağa olduqca yaxındır.

- Söhbət əsnasında Rəşad Sadıqovun "Zirə"sindən çox xoş danışdınız. Şahin Diniyev və Rəşad Sadıqov adı gələndə hər kəs qeyri-ixtiyarı 2006-cı ilin Ukrayna faciəsindən sonra yaşananlara qayıdır. Aradakı buzların əridiyini deyə bilərik?

- 20 ilə yaxındır mən bu suallarla üz-üzə qalıram. İlk dəfə bir çox şeyləri etiraf edəcəm. Çünki həyat qısadır. Nəyisə demirsən, amma deyilməsinə ehtiyac var. Bəlkə gecikə bilərik. Rəşad Sadıqov və Şahin Diniyev münasibətlərini bir kənara qoyuram. Həyatda da belədir. Bəli, aramızda problemlər olub. Amma dərin deyil, şəxsi müstəvidə olmayıb. Eşitdiklərimə əsasən deyə bilərəm ki, Rəşad Sadıqovun yanında mənim haqqında mənfi nəsə danışa bilməzlər. Hə, keçmiş zamanda nəyisə səhv edə bilərik. 39 yaşında mili komandanın baş məşqçisi olmuşam. Məşqçi peşəsində gənc idim. Bəzən hansısa qərarları emosiyalar qapılaraq verirsən. Təcrübə sarıdan geri qalırsan. Milli və klub tam başqadır. Klubda 365 gün, millidə 3 gün olursan. Rəşad Sadıqovla yaxşı münasibətim var. Hörmətimi hər zaman saxlayır. Amma hər ikimizdə hansısa qaranlıq məsələlər qala bilər. Olmuş hadisələr artıq geridə qalıb. Düşünürəm ki, Rəşad yaxşı karyerası olan böyük məşqçi olacaq. Arxada qalan 3-4 illik məşqçi həyatı bunu deməyə əsas verir. İstəmərəm ki, bu söhbətlər gələcəkdə onun karyerasında hansısa problemlər yaratsın. Futbolçu kimi lider olub, bu gün də məşqçi kimi dominantlıq edir. Ona uğurlar arzulayıram. Həqiqətən yaxşı işlər görür. Tərifləmək üçün bunları demirəm. Futbola baxışım belə deməyə əsas verir.

- Rəşad Sadıqov heç zaman mətbuata sizinlə aranızda başverənlər barədə mənfi nəsə danışmayıb. Bu gün də siz onun haqqında yalnız xoş sözlər dediniz. Arada ciddi problem olmadığı görünür. Bəs 20 ilə yaxındır həmin hadisələr niyə başqa yöndə müzakirə olunur?

- Keçmişə çox da qayıtmaq istəməzdim.

- Amma bayaq özünüz dediniz ki, nəyisə deməkdə bəzən gec qala bilərik...

- Sənin səmimiyyətinə inanaraq bəzi şeyləri deyəcəm. İnanıram ki, sözlərim təhrif olunmadan yazılacaq. Bəzən bir sözün götürülməsi fikrin kontekstdən çıxmasına səbəb olur. Bəli, mənim Rəşad Sadıqova qarşı mənfi münasibətim olub. Amma bu futbolla bağlı yanaşmadan irəli gəlib. Amma Rəşad hər zaman mənə müsbət reaksiya verib. Nə müsahibələrində, nə hansısa verilişlərdə. Hətta ara söhbətlərində belə həmin məsələnin qaldırılmasına imkan verməyib. Özünü bu cür ləyaqətlə apardığına görə Rəşada təşəkkür edirəm. Başverənlərə qalanda isə... O vaxt milli komandada 3 oyunluq yaxşı seriya yaxalamışdıq. Evdə Türkiyə ilə 1:1 oynamışdıq. Səfərdə Moldova və Ukrayna ilə qolsuz heç-heç etmişdik. Gələcəyə ümidlər artmışdı. Gözümdə komanda çox qalxmışdı. Daha yaxşı nəticələrə köklənmişdik. Lakin ardınca Ukrayna ilə görüş oldu. Və bütün problemlər də onda başlandı. Hərə bir söz danışır. Amma nəsələr yoxdur. Ukrayna həqiqətən çox güclü komanda idi. Oleq Bloxinin baş məşqçisi olduğu komanda atletik futbol oynayırdı. Böyük fiziki gücə sahib idilər. Eyni tempdə 90 dəqiqə davam edə bilirdilər. Bizim çempionatın səviyyəsi çox aşağı olduğu üçün futbolçuların fiziki durumu çox aşağıydı. Ukraynanın qarşısında tab gətirmək mümkün deyildi. Ukrayna haqqına bizi uddu. Kimsə nəsə etdi deyə udmadı. Heç kim başqa nəsə axtarmasın. Rəşad 16 yaşından mənim yanımda olub. Öyrənməyə çox həvəsli, milli üçün can yandıran lider xarakterli futbolçu idi. Sadəcə mən bəlkə də səhv addım atdım, bəlkə tələsdim. Ukrayna məğlubiyyətindən sonra söhbət təkcə Rəşaddan getmirdi. Təxminən 15-ə yaxın futbolçudan söhbət gedir. Demək olar heyət dəyişdi. Ukraynaya uduzduğumuz oyundan sonra 3-4 gün Çexiyada tək qaldım. Ağır məğlubiyyətdən sonra çox düşündüm. 0:6 hesabından sonra nəyisə dəyişmək istədim. Ya özüm getməli idim, ya da heyət dəyişməliydi. AFFA rəhbəri Ramiz Mirzəyevə iki A4 vərəqi təqdim etmişdim. Birində mənim səhhətimlə bağlı istefa istəyim yer almışdı, digərində heyətin dəyişməsi. Rəhmətlik Ramiz müəllim istefa müraciətim olan kağızı büküb kənara atdı və mənə dedi ki, get işini gör sənin yanındayam. Bir aydan sonra Serbiya ilə görüş vardı. Ona görə də heyəti dəyişmək qərarı verdim. Şəxsi nədənsə söhbət gedə bilməz. Burada Rəşad, Vəli, Şahin söhbəti getmirdi. Amma futbol ictimaiyyətində bu məsələ çox böyüdü. O dövrdə klublarla federasiya arasında ciddi problemlər vardı. Təkcə azarkeşlər, media yox, həm də klublar məsələni böyütdü. Beləcə məsələ şişdi. Mənim tək məqsədim, istəyim nəyisə dəyişmək oldu. Qərarın arxasında nəsə yox idi.

- Deyək ki, 39 yaşlı gənc məşqçi emosional halda yalnış qərar verib. Maraqlıdır, bəs məsələ bu qədər böyüyəndən sonra Rəşad Sadıqovla görüşmək, təkrar milli komandaya qaytarmaq barədə təkrar niyə düşünmədiniz?

- Məni yaxşı yerdə yaxaladın (gülür). Səmimi söhbətimiz açılıbsa, belə də davam etməliyik. Bunu ilk dəfə deyirəm. Onu təkrar milliyə qaytarmaq istəyim oldu. Nəticədə Rəşad AFFA-ya dəvət olundu. Federasiya prezidenti Ramiz Mirzəyev mən və Rəşad arasında görüş keçirildi. Bunu Ramiz müəllimdən mən xahiş etmişdim. Görüşün təşəbbüskarı şəxsən özüm idim. Milliyə qayıtmasını çox istəyirdim. Bununla hər şeyə nöqtə qoyulacaqdı. Rəşadla 16 yaşından bir yerdə olmuşduq. Güvəndiyim, inandığım futbolçu idi. Sadəcə proseslər məsələni bu həddə gətirib çıxardı. Görüş necə hazırlandı, buna necə nail oldum deməyəcəm. Amma heç də asan baş gəlmədiyini bildirməliyəm. Rəşad Sadıqovun həmin görüşün sırf mənim istəyimlə baş tutmasından indiyə qədər xəbərsizdir.

- Bəs qayıdış niyə baş tutmadı?

- Təəssüf ki, qayıdışı baş tutmadı. Qayıtmağı özü istəmədi. Onu da başa düşmək olar. Gənc və dəliqanlı vaxtları idi. Küskün olması da başadüşüləndir. Bəlkə bunda klublar və federasiya arasında olan problemlər də az rol oynamırdı. Futbolçular üçün həmin dövr çox çətin idi. Bəzən klublar oyunçuları milliyə buraxmırdı. Biz 5 gün öncədən bir araya gəlmək istəyəndə klublar bildirirdi ki, UEFA-da 3 gün öncədən yazılıb. 72 saat qalmış futbolçunu milliyə buraxırdılar. Yoldaşlıq oyunlarından 48 saat əvvəl icazə verirdilər. Bu kimi problemlər vardı. 10 gün əvvəl təlim-məşq toplanışı salmaq mümkün deyildi. Federasiya və klublar arasında münasibətlər isti deyildi.

- Rəşad Sadıqov "Neftçi"dən ayrılandan sonra bir müddət klubsuz qaldı. Bunda sizi səbəbkar göstərənlər kimi, əksinə həmin anda ona klub tapılması üçün dəstək olduğunuzu gəzən iddialar arasındadır. Bəs həqiqət necə olub?

- Nə zamansa bu məsələyə nöqtə qoymaq lazımdı. Mane olmaq yox dəstək olmaq söhbəti düzdür. Çox çalışdım, amma alınmadı. Səhv etmirəmsə, transfer pəncərəsi bağlanmışdı, ya da ikinci və ya üçüncü komandaya keçidə qaydalar icazə vermirdi. Bu iki məsələni Rəşada heç vaxt deməmişəm. Amma dəstək olmaq üçün cəhd etməyimlə bağlı məlumatı düz eşitmisiniz.

- Son üç mövsümdə rəqib kimi dəfələrlə üz-üzə gəlmisiniz. Hansısa məqam sizi 19 il əvvələ qaytarıbmı?

- Biz oyunlarda üz-üzə gələndə hətta qucaqlaşırıq. Bir-birimizi uğur arzulayırıq. Bilirəm ki, bizimlə oyunlara da komandasını müsbət fikirlərlə kökləyir. Eyni şeyləri də mən etmişəm. Mənim Rəşadla heç bir düşmənçiliyim olmayıb. Futbol aləmində də kiminləsə problemim qalmasını istəmərəm. Məndən bu sözləri qopardığın üçün sənə təşəkkür edirəm. Bəlkə də heç vaxt bu söhbətlərin üstü açılmayacaqdı. Yaxşı şeyləri heç kim danışmır. Ancaq pis şeylər tez hər yerə çatır. Bəli, futbol yanından baxası olsaq, mən Rəşada mənfi olmuşamsa, o mənə müsbət reaksiya verib. Özünü ləyaqətli aparıb. Özlüyümdə hər zaman ona minnətdar olmuşam.

- Hər şeyin qaydasında olduğunu deyirsiniz. Bəs üz-üzə danışmaq, müzakirə etmək niyə heç vaxt baş tutmayıb?

- Bəlkə də böyük kimi ilk addımı mən atmalı idim. Bəlkə də qismət bu günə imiş. "Səbail"lə başladığımız söhbət bizi 19 il əvvələ apardı. Dediyim məsələlərdən Rəşadın xəbəri olmayıb. Bəlkə də kimsə ona deyib. Amma mən Rəşadın bilməsi üçün həmin qərarları verməmişəm. Əsas sözdə yox, əməldə sağlam olasan.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 18:10 Çək və bizə göndər!