“9 nömrə” braziliyalılarla bağlı suala hansı cavabı verdi?

16 Aprel 20:40 Müsahibə 480
“9 nömrə” braziliyalılarla bağlı suala hansı cavabı verdi?

“Turan Tovuz”un legioneri Kristian da Silva Sportinfo.az-a açıqlama verib.

Premyer Liqanın ən yaşlı sahə oyunçusu olan braziliyalı yarımmüdafiəçi “Sabah” üzərində qazanılan qələbədən sonra (2:1) sualları cavablandırıb.

- Çətin, ancaq olduqca vacib qələbənin özəlliklərini sözlə necə ifadə edə bilərsən?

- “Sabah” avrokubok yolundakı əsas rəqiblərimizdəndir. Məğlub olsaydıq, xal fərqi azalacaq, işimizi çətinə salacaqdıq. “Sabah”ın gücünü nəzərə alsaq, bizim üçün çətin olacağı məlum idi. Kubokda bizi dayandırmışdılar. Bacardığımızın maksimumunu etməklə çempionatın ən vacib qələbələrindən birinə imza atdıq.

- Rəqib erkən qol vuran anda ağlından nələr keçdi? Yekun nəticənin bu cür olacağını təsəvvür edirdin?

- Yalnız onu düşünürdüm ki, sürəti və təzyiqi artırmaqla doğma azarkeşlərimizin qarşısında qələbə qazanmalıyıq. Bunun üçün birlik nümayiş etdirməyimiz çox vacib idi. Məhz bunun nəticəsində vacib iki qol vurduq. Qələbədən başqa heç nə haqda düşünmürdüm.

- Pavol Şafrankonun komandasını azlıqda qoymasının işinizə yaradığını deyə bilərik?

- Əlbəttə. Həm də çox kömək etdi. “Sabah” azlıqda qalandan sonra topa tam nəzarət əlimizə keçdi, həm də daha çox boş zona yaxaladıq. Onlar 10 nəfər qalandan sonra baş məşqçimiz taktiki dəyişiklik etdi. Bunun sayəsində lazım olan qolları vurduq.

- “Səbail”lə oyundan sonra Veysəl Rzayevin azarkeşlərə qarşı kobud davranışını görəndə nə düşündün?

- “Səbail”lə görüşdə vacib xallar itirdiyimizə görə hamı əsəbi idi. Həm azarkeşlər, həm də biz. Nəticədə bu cür mənzərə yarandı. Təbii ki, xoşagəlməz haldır. Və bir daha təkrarlanacağına inanmıram. Bu cür epizodlarda daha səbrli davranmaq mütləqdir. Çünki biz bir ailəyik, kənardan haqqımızda yanlış fikirlərin yaranmasına imkan verməməliyik.

- Deyirlər, bir komandada braziliyalıların sayı çox olanda, bu, əksər vaxtlarda problemə gətirib çıxarır. Xüsusən də intizam məsələsində. “Turan”da dörd braziliyalının olduğunu nəzərə alsaq, bu baxımdan vəziyyət necədir?

- Bizdə əksinədir (gülür). Eyni ölkədən olmağımız həm meydanda, həm də ondan kənarda daha yaxşı anlaşmağımıza kömək edir. Tək özümüzə yox, digər legionerlərə də yardım edirik. Əsas odur ki, aramızda intizamsız futbolçu yoxdur, indiyə qədər hansısa problem yaşanmayıb. Hər birimiz sağlam mentalitetə sahibik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"
18 Aprel 19:30 Çək və bizə göndər!