“Səviyyəli futbolçudur, ancaq komandamız ondan asılı deyil” - MÜSAHİBƏ

14 Aprel 16:40 Müsahibə 460
“Səviyyəli futbolçudur, ancaq komandamız ondan asılı deyil” - MÜSAHİBƏ

“Araz-Naxçıvan”ın “Benni” kimi tanınan portuqaliyalı yarımmüdafiəçisi Bernardo Dias Sportinfo.az-a müsahibə verib.

- Qələbəsizlik seriyasına son qoymağınız niyə bu qədər çox çəkdi?

- Son matçlarda qalib gələ bilməməyimiz əsas rəqiblərimizlə müəyyən məsafə yaratmışdı. Xal fərqinin artmasının qarşısını almağın vaxtı idi. “Turan Tovuz” bərabərə qalmış, “Zirə” uduzmuşdu. Ona görə də nəyin bahasına olursa olsun qalib gəlməliydik. Əla performans gösərərək layiqli qələbə qazandığımızı düşünürəm. Hesab arasındakı fərq daha böyük ola bilərdi.

- “Sumqayıt”ı hansı komponentlərdə üstələdiniz?

- Müdafiədə təşkilatlanmış oyun göstərməyimiz işimizə yaradı. Çünki rəqib də hücumlar qururdu, qol vurmaq istəyirdi. Həlledici anlarda etibarlılıq göstərdik. Digər tərəfdən oyunboyu pressinq edərək onlara düşünmək üçün vaxt vermədik. Fikir verirdinizsə, hücumlarımız əsasən pressinq sayəsində qazandığımız toplardan sonra qurulurdu.

- Çempionatda qazandığınız sonuncu qələbə yadındadır?

- (bir qədər fikirləşir) Elə bu stadionda “Neftçi”ni udmuşduq. Qış fasiləsindən sonra idi.

- Bu qalibiyyətdən sonra dərindən “ah” çəkdiniz?

- “Ah” demək üçün hələ tezdir. Çünki heç nə həll olunmayıb. Əksinə, “boşalmamalı”, məsuliyyət hissini daha da artırmalıyıq. Bu qələbənin davamını gətirməsək, işimiz çətin olacaq. Çünki komandalar arasındakı xal fərqi elə də çox deyil. Üstəlik, qarşıda şəxsi görüşlər var.

- Ramon Maçadonun yoxluğunda əziyyət çəkirdiniz sanki. Onun qayıdışından sonra “Qarabağ”la “Sumqayıt”ı məğlub edib, “Neftçi”ylə səfərdə bərabərə qalmısınız. Həqiqətənmi komandanın sirri Ramondur?

- Belə deməzdim. Ramon yaxşı keyfiyyətlərə sahib səviyyəli futbolçudur. Ancaq “Araz” bir futbolçudan asılı deyil. Hər bir oyunçu komanda üçün dəyərlidir.

- Belədirsə, niyə Maçado olmayanda komanda ruhsuz, dişsiz görünür?

- Ola bilsin eyni dildə danışmağımız və bir-birimizin oyun stilinə bələd olmağımız öz təsirini göstərir. Bəli, Ramonla hücumda oynayanda daha yaxşı anlaşırıq. Ancaq bu, o demək deyil ki, komanda konkret kimdənsə asılıdır. Biz bir ailəyik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 11:00 Bir az da GÜCLƏN!
15 Aprel 03:10 “Ordu” irəli getdi
15 Aprel 02:20 O da milli ilə getdi...