
"Sabah" klubu son illər futbol akademiyasına diqqət ayırması ilə seçilir.
Bu gün əsas komandada yer alan Seymur Məmmədov, Şakir Seyidov, Elgün Dünyamalıyev, Abdulla Rzayev, Xəyal Əliyev akademiyanın məhsuludur.
Premyer Liqanın bir neçə klubunda "tələblər"in yetirməsi yer alır.
Aşağı yaş qruplarında keçirilən liqaların bir çoxunda da Masazır təmsilçisi liderlik edir.
Bütün bunlar isə heç də təsadüfi deyil.
Müxtəlif bölgələrimizdə akademiyanın skautları daim axtarışdadır.
Yerli futbol məktəbləri ilə işbirliyi yaradılıb.
Nəticədə uzaq rayonlarda diqqət çəkən istedadlar paytaxt klubuna təqdim olunur.
Belə adlardan biri də Davud Abdullayevdir.
Davudun 9 yaşı var. Ağdamın Əhmədağalı kəndində yaşayır.
Elə tanışlığımız da adıçəkilən kənddən keçərkən yaşandı.
Yol kənarında yerləşən kənd stadionunda atası Nazim Abdullayev ilə birgə məşq edirdi.
Ayaq saxlayıb, söhbətləşmək qərarı verəndə məlum oldu ki, o da "Sabah" klubunun skautlarının diqqətini çəkən istedadlar arasındadır. Nazim bəyin Sportinfo.az-a müsahibəsində çox mətləblərdən agah olmuş olduq.
- Oğlunuzun seçiminin futbol olmasına səbəb nədir?
- Lap balaca yaşlarından futbola sevgisi var. Həyətdə, evdə topla oynamağı sevirdi. Sonda da futbola yazdırmağa qərar verdik.
- Hansı klubda futbolun sirlərini öyrənir?
- Tərtər Olimpiya Kompleksində Elfariz müəllimin yanına gedir.
- Hər gün bu qədər uzaq məsafəni qət edərək məşqlərə aparıb-gətirmək çətin deyilmi?
- Əlbəttə, çətindir. Amma Davud məşqə gedəcəyini biləndə çox sevinir. Uzaq məsafə də onu narahat etmir. Məşqlər isə həftədə 3 dəfə olur.
- Fərdi hazırlıq keçirsiniz. Məşqçinin tapşırığıdır, yoxsa öz qərarınız?
- Yox, özü maraqlıdır. Evdə olduğu günlər məşqlərimizi burada davam edirik. Həvəsi böyükdür. Mən də əlimdən gəldiyi qədər dəstək oluram.
- Düzdü, yaşı hələ çox azdır. İndidən nəsə demək tezdir. Amma ilkin siqnallar nə deyir?
- Məşqçilərin diqqətini çəkə bilib. Elfariz müəllimin Sabah Futbol Akademiyası ilə əlaqələri var. Burada özünü yaxşı tərəfdən göstərən uşaqlar həmin akademiyaya cəlb olunur. Seçimlərdə özünü göstərən uşaqlar arasında Davudun da adı var.
- Onu da "Sabah" ailəsinin bir üzvü hesab edə bilərik?
- Bəli. Düzdü, hələki məşqlərinə burada davam edir. Amma gələcəkdə "Sabah" Akademiyasına cəlb edilə bilər. Çünki seçilən uşaqlardan biri də Davuddur. Daim diqqət göstərir, nəzarətdə saxlayırlar.
XANOĞLAN İMANOV