
Ukrayna ilə Rusiya arasında davam edən məlum müharibənin ukraynalılara necə təsir etdiyini təsəvvür etmək çətin deyil.
Vaxtilə Ermənistanla yaşadığımız oxşar savaş nəticəsində azərbaycanlıların hansı çətinliklərlə üzləşdiyini illər keçsə də unutmayacağıq.
Hazırda Azərbaycan Premyer Liqasında top qovan Dmitri Litvin də Ukrayna-Rusiya müharibəsindən ən çox ziyan görənlərdəndir.
“Turan Tovuz”la oyundan sonra müsahibə aldığım “Səbail”in müdafiəçisi ilə söhbətdə vətənindəki siyasi durumdan söz açdım.
- Ukraynadakı vəziyyət dünyaya məlumdur. Hər gün xəbərləri oxuyur, gündəmlə maraqlanırsan, yoxsa mümkün qədər uzaq qalmağa çalışırsan?
- Oxumamaq, maraqlanmamaq heç cür mümkün deyil. Çünki ən yaxınlarım, doğmalarım, ailə üzvlərim Ukraynadadır. Onlara görə çox narahatam. Bir neçə gün əvvəl Krivoy-Roqda faciə yaşandı. Ukraynanın başı üzərində hər gün raketlər, bombalar uçuşur, dinc əhali öldürülür, şəhərlər yerlə yeksan edilir.
- Əslən Krivoy-Roqdansan?
- Yox, mən Kiyevdənəm. Ailəm də oradadır. Kiyev döyüş bölgəsindən nisbətən aralı olsa da, dronlar ora qədər gedib çıxır. Və çox maraqlıdır ki, səngimək bilmir. Hər ötən gün vəziyyət daha da gərginləşir.
- Bu ağırlıqda yükün altında özünü futbola necə kökləyirsən? Fikrini bütünlüklə işə yönəltmək üçün hansı metoddan yararlanırsan?
- İnsan elədir ki, həyatda hər şeyə öyrəşir. Bəzən düşünürəm, nə edə biləcəyimlə bağlı fikirlərə dalıram. Ancaq heç nəyi dəyişə bilməyəcəyimi anlayıram. Bombaların qarşısını almaq mümkün deyil. Bu gün bir şəhəri vururlar, sabah başqasını. İnsanlar artıq bu şəraitdə yaşamağa öyrəşiblər. Demək olar hamı ölüm riskini göz önünə alıb.
- Ukraynaya sonuncu dəfə nə vaxt ayaq basmısan?
- 2022-ci ilin əvvəlində, müharibə başlayan ərəfədə. O vaxtdan bu yana evimi, doğmalarımı, ailə üzvlərimi canlı görə bilmirəm.
- 3 ildən çoxdur.
- Bəli. 2022-ci ildə Rusiyanın “SKA-Xabarosk” klubunda oynayırdım. Həmin vaxt komandayla Türkiyədə təlim-məşq toplanışındaydım. Müharibə başlayan kimi Rusiya klubu ilə müqaviləni pozub oradan ayrıldım.
HƏBİB / SPORTİNFO.AZ