
"Qəbələ"nin ötən mövsüm Premyer Liqanı tərk etməsi futbol ictimaiyyətini çox üzmüşdü.
Bunun arxasında duran əsas səbəblərdən biri və bəlkə də birincisi klubun hazır akademiyasının gələcək taleyi ilə bağlı narahatlıq idi.
Axı yüksək liqadan fərqli olaraq Birinci Liqada aşağı yaş qrupları ilə bağlı tələb yoxdur.
Bir neçə gün əvvəl əsas komanda Premyer Liqaya qayıdışını təmin etdi.
Maraqlıdır, bəs arxada qalan bu müddətdə akademiyanın fəaliyyəti necə keçib?
Bu və digər suallara cavab tapmaq üçün Qəbələ Futbol Akademiyasının koordinatoru Famil Xəlillovla danışdıq.
O, öncə mövcud durumla bağlı məlumat verib:
"Akademiyanın mövcud vəziyyəti hər zamankı qaydada davam edir. Birinci Liqaya düşəndə də əsas hədəf yenidən geri qayıtmaq idi. Paralel olaraq akademiyanı qoruyub-saxlamağı istəyirdik. Normal qaydada məşqlərimizi davam etdiririk. Çempionat görüşlərində iştirak edirik. Hətta ötən illərdən daha yaxşı nəticələrimiz olduğunu deyərdim. Komandalarımızın, futbolçuların və məşqçilərin inkişafından razıyam".
Xəlilov bu mövsüm də əsas komandaya çox sayda yetirmələrini verə bildiklərini sözlərinə əlavə edib:
"Hər zaman olduğu kimi əsas məqsədimiz əsas komandaya futbolçu yetişdirmək olub. Ənənəvi olaraq bu il də əsas komandamıza akademiyadan uşaqlar cəlb olunub. Məşqlərdə və oyunlarda iştirak etmək şansı qazanıblar. Kifayət qədər istedadlı uşaqlarımız var. Onları böyük futbola qazandırmağa çalışırıq".
A komandası Premyer Liqadan fərqli olaraq, Birinci Liqada çıxış etdiyi müddət Bakıda yox, davamlı olaraq Qəbələdə məskunlaşırdı. Xəlilov bu məqamın akademiyaya da müsbət təsir etdiyini bildirib:
"Əsas komandanın bu mövsüm Qəbələdə məskunlaşmasını xüsusi qeyd edərdim. Çünki belədə məşqçilər korpusu bütün yaş qruplarının oyunlarını yaxından izləyirdi. Bu da uşaqlar üçün əlavə motivasiya idi. Bizim işimizi uğurlu edən səbəblərdən biri budur. Muxtəlif yaş qrup millilərə dəvət alan futbolçularımız oldu. Növbəti illər sayın daha çox olmasını istəyirik".
Klub rəsmisi yeniliklər barədə də məlumat verib:
"Yeniliklərdən biri də odur ki, U-17 və U-19 liqasında bir, bəzən hətta iki yaş az uşaqları oynatmağa üstünlük vermişik. O anlama gəlir ki, biz heç də tam olaraq nəticəyə fokuslanmırıq. Vacib olanı odur ki, hazır olan, seçilən uşaqları daha üst yaş qruplarında oynadaraq inkişafına daha tez nail olaq.
Digər önəmli fakt odur ki, bütün yaş qruplarında Qəbələdən olan uşaqların sayı təxminən 50%-ə bərabərdir. Arasında milli komandalara dəvət alanları var. Bu addımı atmaqla kənardan olan asılılığımızı azaltmış oluruq. Deyə bilərik ki, artıq Qəbələdə də futbol ənənəsi formalaşır. Önəmli məqamdır".
Müsahib əsas komandanın əcnəbi baş məşqçiçisi Kaxaber Tsxadadzenin də akademiyanın fəaliyyətini davamlı diqqətdə saxladığını qeyd edib:
"Davamlı olaraq Kaxaber Tsxadadze ilə müzakirələrimiz olur. Çox dəyərli mütəxəssisdir. Öyrəncəyimiz çox şey var. Onun məşq prosesinə, yanaşmasına uyğun biz də uşaqları hazırlayırıq. Əsas komandaya gedəndə çətinlik yaranmasın. Sürətli oynamağa üstünlük verir. Bizim akademiyada buna cavab verən uşaqlar çoxdur. Öz məsləhətlərini verir. Ümid edirəm ki, işimizlə onu razı sala bilmişik. Çünki davamlı olaraq yetirmələrimizi əsas komandaya cəlb edir. Bu da bizi sevindirir. Əsas komanda ilə çox yaxşı ünsiyyətimiz var".
XANOĞLAN İMANOV
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.