“Geridə qalan 6 ildə o qədər böyük istedadlar gördüm ki...”

30 Mart 21:15 Müsahibə 2 763
“Geridə qalan 6 ildə o qədər böyük istedadlar gördüm ki...”

Azərbaycanın uşaq və yeniyetmə futbolundakı problemlərin mövcudluğu və həlli yolları haqda illərdir danışırıq.

Bu mövzuda o qədər çaba göstərmişik ki. Nə fayda?

Bu dəfə müsahib qismində “Sabah”ın akademiyasına cavabdehlik daşıyan, U-19 və əvəzedicilərdən ibarət komandalarının baş məşqçisi olan, 6 ildir ölkəmizdə çalışan Adino Mustedanaqiçi seçdik.

Xorvat mütəxəssislə söhbətimiz soyadının səslənməsi qədər çətin yox, kifayət qədər rahat alındı.

- Uzun illərdir “Sabah”dasınız. Nələrə nail ola bilmisiniz?

- Artıq altıncı il başa çatmaq üzrədir. Düşünürəm ki, biz malik olduğumuz şərtlərin maksimumuna çatmağı bacarmışıq.. Daxili qiymətləndirmələrimiz üçün KPI-lərimiz (effektivliyin əsas göstəriciləri) var idi. Hansısa dövrdə əsas komandada akademiyadan 4-5 oyunçumuz var idi, gənclər səviyyəsində ən çox milli komandamız var idi, aşağı yaş qruplarından ibarət milli komandalara ən çox futbolçu “Sabah”dan cəlb olunmağa başladı, komandalarımız iştirak etdiyi turnirləri qalib qismində tamamlamağı bacardı, istedadlı futbolçularımızı hazırlıq keçmək üçün Zaqreb “Dinamo”suna göndərdik və Gənclər arasında Çempionlar Liqasında oynadıq.

- Nələri daha yaxşı edə bilərdiniz? Ki, bu işdə ya şərait istədiyiniz kimi olmadı, ya da hansısa problemlər mane oldu?

- Daha yaxşısını etmək həmişə mümkündür. Mən gələndə “Sabah” Akademiyasının hansı şəraitdə olmasına, bizim qarşılaşdığımız bütün çətinliklər və məhdudiyyətlərə gəlincə, düşünürəm ki, yaxşı işlər gördük. Klublar ancaq AFFA-nın onlara verdiyi şərtlər daxilində işləyə bilər. Bu şərtlər daxilində biz çox yaxşı çıxış etdik. Təəssüf ki, daha çox şey etmək üçün şərait daha yaxşı olmalıdır. Pandemiya da bir çox planlarımızın gerçəkləşməsini yubatdı. Həmçinin, “Sabah” Akademiyası üçün bazaların yoxluğu böyük problemdir. Çatışmazlıq gələn mövsüm həllini tapmalıdır.

- Növbəti mövsüm əsas komandada “Sabah”ın aşağı yaş qruplarından ibarət komandalarında çıxış edən neçə gənc futbolçu görə bilərik?

- Artıq məşqlərə qoşulanlar var. Getdikcə daha çoxu əsas komanda ilə məşq etmək şansı qazanacaq. Bu, bir çox amillərdən asılıdır. Məqsəd birinci komandaya gətmək yox, orada möhkəmlənmək və qalmaqdır. Bəzən gənc futbolçuları əsas komandaya tələsdirməyin fəsadları ağır olur. Onlar çıxış etdikləri liqalar səviyyəsində mənfi cəhətlərini aradan qaldırmalıdırlar. Çünki əsas komandada bunu etmək üçün vaxt və yer tapmaq çətindir.

- Akademiyada yetişən Abdulla Rzayev, Şakir Seyidov kimi futbolçular əsas komandada oynamaq imkanı qazanmır, Rauf Rüstəmli, Veysəl Rzayev və başqaları başqa klublara gedir. Bu barədə əsas komandasının baş məşqçiləri ilə söhbətiniz olur? Nə deyirlər?

- Bəli, olub. Keçmiş baş məşqçi Renduliçlə bu barədə çox danışırdıq və artıq bəzi futbolçuların inkişafı ilə bağlı Vasili Berezutski ilə də görüşüm olub. Onlar həqiqətən gənc futbolçuları düşünürlər. Hər yerdə olduğu kimi, əsas komandaya da sürətli uğurlu nəticələr lazımdır. Belədə gənc futbolçulara mütəmadi şans vermək bir az çətindir.

- Azərbaycanda uşaq və yeniyetmə futbolunun vəziyyətini bir cümlə ilə necə təsvir edə bilərsiniz?

- Uzunmüddətli strategiya və məqsədlər olmadan qısamüddətli improvizasiya.

- Azərbaycan uşaq futbolunda sizi ən çox nə təəccübləndirir?

- Təəccübün müsbət və mənfi tərəfləri var. Məni hər gün təəccübləndirən futbol anlayışının çox aşağı olmasıdır. Düşünürəm ki, dünyada Azərbaycanakı qədər istedadın məhv olduğu ikinci ölkə yoxdur. Geridə qalan 6 ildə o qədər böyük istedadlar gördüm ki, karyeraları zədələr səbəbindən çox erkən bitdi. Bu, təkcə yaxşı şərtlərin olmaması ilə bağlı deyil. Həm də gənclər səviyyəsində strategiya və məşqçi işi ilə əlaqəlidir.

- Azərbaycanlı gənc və yeniyetmələrin bir neçə il Zaqreb “Dinamo”, “Partizan”, “Srvena Zvezda” kimi klubların akademiyalarında məskunlaşmasına, təcrübə toplamasına nə mane olur?

- “Dinamo”ya futbolçular göndərirdik. Bu layihənin əvvəlində biz daha çox U-19 və U-17-dən olanlara üstünlük verirdik. Onlardan biri də hazırda əsas millinin sıralarında olan Xəyal Əliyev idi. Sonradan təhlil etdik və qərara gəldik ki, U-14 və ya U-15 komandalarının ən yaşlılarını göndərək. Çünki onların yetkinlik dövrünü "tutmaq" şansı var. Keçən dəfə Xorvatiyaya yollanan futbolçular Zaqreb “Dinamo”sunun rəsmiləri tərəfindən seçilmişdi. Oyunçular göndərdiyimiz zaman onların sənədləşmə işini də həll etməyimiz vacibdir.

Həbib Aslanov

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Mart 23:45 3 qol - VİDEO