
"Sumqayıt"ın baş məşqşisi Vaqif Cavadov Sportinfo.az-a müsahibə verib.
Gənc çalışdırıcı ilk olaraq milli komandalara görə yaranmış fasiləni dəyərləndirib.
- Hər şey qaydasındadır. 11 nəfər milli komandalara dəvət almışdı. Onların yoxluğu hazırlığa təsir edirdi. Amma ümumilikdə hər şeyi yolunda gedir. Başqa gənclərə şans verdik.
- Akademiyanın 11 üzvü millilərdə olduğu üçün sevinirsiz, yoxsa toplanışa təsir etdiyi üçün daha çox üzülürsüz?
- Klub və ora gedən uşaqlar üçün bir şərəfdir. Bizim də işimiz milli səviyyədə oyunçu yetişdirməkdir. Nə xoş klubun adına. Demək ki, akademiyada işlər düzgün gedir. Əlbəttə, hamının yanımda olmasını istərdim. Amma milli mövzusu daha öndədir.
- Daha əvvəl akademiyada çalışdığınızı nəzərə alsaq, bu qədər gəncin üzə çıxmasında bu faktın rolu nə qədərdir?
- Bu barədə nəsə demək istəmirəm. Onu deyə bilərəm ki, əksəriyyəti ilə U-19 komandasında birgə çalışmışıq. Amma bu yaşa kimi çalışdıqları bütün məşqçilərin əməyi var. Düzgün çalışmaq, onlara inanmaq çox önəmlidir.
- Kütləvi çağırış sizə təəccüblü gəlmədi?
- İnam olan yerdə bu normaldır.
- İki ardıcıl qələbədən sonra fasilənin yerinə düşmədiyini demək olar?
- Son görüşləri yaxşı formada keçirdik. "Qarabağ"a məğlub olduğumuz oyunda da yaxşı çıxış etdik. Eyforiyaya qapılmamaq üçün xeyirli ola bilər. Növbəti oyunlara daha rahat, istəkli hazırlaşa biləcəyik. Müəyyən uğursuz nəticələr bezdirici ola bilərdi. Həmin stressi atmaq lazım idi. Yerinə düşdü deyə bilərik.
- Fasilədən sonrakı ilk rəqib "Sabah"dı. Sonuncu ağır məğlubiyyətin qisasını almaq kimi hiss varmı?
- Qisas hissi deyəndə ki, digər görüşlərdə "Sabah"ı bir dəfə məğlub edib, bir dəfə heç-heçə etmişik. Bilirik ki, çox yaxşı komandaya qarşı oynayacağıq. Rəqibin potensialına bələdik. Öz evimizdə oynayacağıq. İstəyirik təhlükəli zonadan bir qədər də uzaqlaşaq. Millidə olan futbolçularımızın hansı vəziyyətdə geri qayıtması da önəmli olacaq.
- Son iki qələbə ilə bəlkə də Premyer Liqada qalmaq məsələsini həll etmiş oldunuz. Gedişatı dəyişmək necə mümkün oldu?
- Olan oldu. Dəfələrlə demişdim, təkrar edirəm ki, biz onda da pis oynamırdıq. Sadəcə qol imkanlarını istifadə edə bilmirdik. Bir çox oyunlarda bunun əziyyətini çəkdik. Biz qol vurmalı olduğumuz halda qapımızda qol görürdük. Böyük təzyiq vardı. Amma şükürlər olsun ki, rəhbərlik və futbolçular bir olmağı bacardıq. Dözdük, səbr etdik və Allah da nəticəni verdi.
- Baş məşqçi kimi ilk addımdaca ciddi tənqid dalğası ilə üz-üzə qalmaq çətin olmadı?
- Mən bunu başa düşürdüm. Əgər komanda 11 oyunda qol vura bilmirsə, bunun səbəbləri var. Ancaq bunu mən bilirəm, rəhbərlik bilir. Lakin azarkeşlər, mətbuat bəzi şeylərdən xəbərsiz ola bilər. Hər şey tablodadır. Nəticə olmayan yerdə tənqid olmalıdır. Bir dəfə yox, bir neçə dəfə məğlub olursansa, buna hazır olmalı, səbr nümayiş etdirməlisən.
- "Kəpəz"lə oyunda pis günlərə son verə bildiniz. Həmin matçda nə həlledici oldu?
- Ayrı-ayrılıqda oyunçularla söhbət etdik, motivasiya verdik. Psixoloji durumlarını düzəltməyə çalışdıq. Keyfiyyətli oyunçularımız var. Sadəcə psixoloji durum yerində deyildi. Ciddi nəsə dəyişmədik. Eyni futbolu oynadıq. Sadəcə həmin gün demək olar ki, bütün şanslarımızdan istifadə edə bildik. Digər oyunlarda belə deyildi.
- Bu müddətdə hansısa təcrübəli həmkarınızdan məsləhət aldınız?
- Xeyir. Yalnız öz məşqçilər korpusumla fikir mübadiləsi aparırdım.
- Uğursuz nəticələrlə bərabər həm də qalmaqalla sınağa çəkildiniz. Kamran Quliyevlə aranızda nələr yaşandı?
- Mən bura gələndən sonra Kamran bütün oyunlarda iştirak edirdi. Köməyi də dəydi. Amma əcnəbi transferlərdən sonra onda eniş başladı. Ona kimi də 4-5 oyun qol vura bilmirdik. Əcnəbi oyunçu gətirmişəmsə oynatmalıyam. Səndən üstündür ki, onu dəvət etmişik. Bəli, legionerdə alınmaya bilərdi. Amma Kamran ruhdan düşməli deyildi. Məşqlərdə canla-başla çalışmalıydı. Göstərməliydi ki, mən mövqeyimi uduzmaq istəmirəm. Əfsuslar olsun ki, mən bunu görə bilmədim. Son oyunlarda siz də bunu görə bilərsiniz. Dəfələrlə çağırıb təkbətək söhbət etmişəm. Özünə demişəm ki, neçə oyundu kömək etmirsən. Kənarda qalmasının tək səbəbi budur. Ona görə də sezonun sonuna kimi əvəzedici komandaya göndərdik.
- Əsas komandanın qapılarının onun üzünə birdəfəlik bağlandığını demək olar?
- Belə olmasını istəməzdim. Görünən odur ki, belə olacaq. Oradakı futbolçuların hər birinə qapımız açıqdır. Hər oyuna gedib baxırıq. İstədiyimiz yanaşmanı görə bilsək qayıdacaq.
- Ən çətin dönəmdə komandanın təcrübəli siması Mehdi Cənnətovu ehtiyat skamiyaya göndərdiniz. Bu addımın arxasında hansı plan dayanırdı?
- Görürdük ki, Mehdi psixoloji cəhətdən yorulub. Dincəlməsi üçün zaman yetişmişdi. Fikirləşdik ki, Xəyala üstünlük verək. Onu əvəzedici komandadan tanıyıram. Məncə, bəhrəsini gördük.
- Mehdinin də Kamran kimi narazılıq yaratmaq ehtimalı heç düşünmədiniz?
- Yox, Mehdi ilə danışdıq və peşəkar davrandı. Hər hansı problem olmadı.
- Məşqdə çox gənc qapıçının iştirak etdiyini gördüm...
- Bəli, çox gəncdir. Akademiyanın yetirməsidir. Məşqçilərimiz daim aşağı yaş qruplarını diqqətdə saxlayır. İlk dəfədir dəvət etmişik. İstedadlı uşaqdır. Cəmi 16 yaşı var. 16-17 yaşında olanları ən azı məşqlərə cəlb etməyə çalışırıq.
XANOĞLAN İMANOV