Kapitan hər şeyi "Sportinfo"ya açıqladı: "Öz vicdanları ilə söhbət edəndə..." - MÜSAHİBƏ

26 Mart 11:05 Müsahibə 1 203
Kapitan hər şeyi "Sportinfo"ya açıqladı: "Öz vicdanları ilə söhbət edəndə..." - MÜSAHİBƏ

Azərbaycan millisinin kapitanı Bəhlul Mustafazadə beynəlxalq yoxlama görüşündə Belarusa məğlubiyyətdən (0:2) sonra Sportinfo.az-a müsahibə verib.

- Milli yenə uduzdu. Danışmaq çətin deyil?

- Çox çətindir. İlk dəfə oynayan cavanlar, ikinci dəfə oynayan cavanlarla da oyundan öncə danışmışdıq. Hamısı çox həvəsli idilər. Düşünürəm ki, bunu hardasa azarkeşlər də meydanda gördülər. Meydanda çox çalışdıq. Təəssüflər olsun ki, yenə qalib gələ bilmədik.

- Hər keçən gün durum daha da pisə doğru gedir. Çıxış yolu nədir?

- İlk növbədə xarakter göstərməliyik. Bundan əlavə də "millidə bu gün oynadıq və bununla bitdi" - deyə təfəkkür olmamalıdır. Millinin heyətində olan hər kəs klubda da ciddi-ciddi bu haqda düşünməlidir. Ən azından güzgünün qarşısında öz vicdanları ilə söhbət edəndə, deməlidilər ki, meydanda əlimdən gələni etdimmi? Bunu hər kəs etməlidir.

- Paltardəyişmə otağında Fernandu Santuş nələr dedi?

- Açığı, çox şey danışmadı.

- Azarkeşlər də komandadan küsüb. Düşünmürsən ki, bunun yeganə səbəbi nəticələr yox, həm də meydanda istədikləri mübarizəni görməmələridir.

- Əslində, azarkeşlər millidən küsməkdə haqlıdırlar. Bu haqda çox şey deyə bilmirəm. Bizim hədəfimiz qalib gəlib, o azarkeşləri yenidən qazanmaq olmalıdır. Belarusa qarşı meydanda oynayan biri kimi deyə bilərəm ki, meydanda olan bütün cavanlar maksimum çalışdılar, əllərindən gələni etdilər ki, geridönüşü reallaşdıraq. Təəssüf ki, bunu bacara bilmədik.

- 20 ildən sonra bizə "Oser faciəsi"ni yaşadan Fransa ilə yenə də rəqib olacağıq. Azarkeşlər növbəti faciənin baş verəcəyindən çox narahatdır...

- Bu gedişatı dayandırmalıyıq. Belə halın qətiyyən yaşanmasına icazə vermək olmaz. Xüsusən də geridə qalan neçə illərdən sonra. Hər kəs bu haqda düşünməlidir. Bütün futbolçular. Bir çıxış yolu tapmalıyıq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti