"Milli komandada olan hər bir oyunçu borcludur ki..." - MÜSAHİBƏ

24 Mart 22:30 Müsahibə 332
"Milli komandada olan hər bir oyunçu borcludur ki..." - MÜSAHİBƏ

Azərbaycan millisinin yarımmüdafiəçisi Elvin Camalov yoxlama görüşündə Haitiyə məğlub olduqları (0:3) qarşılaşmadan sonra Sportinfo.az-a müsahibə verib.

- Üzücü məğlubiyyət oldu. Görüşü necə dəyərləndirərdin?

- Belə oyundan sonra nəsə danışmaq çətindir. Bu boyda insan bizə dəstək olmağa gəlmişdi. Belə anlarda nəsə danışmaq düzgün olmazdı. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Haitiyə məğlubiyyətdən nəticə çıxarıb, qarşıdakı matça hazırlaşmaq lazımdır. Belarusla qarşılaşacağıq. Digər oyunda da bu məğlubiyyəti unutdurmaq istəyirik.

- Atmosfer necə idi?

- İlk dəfə idi ki, Sumqayıtda oynayırdıq. İstəyərdik ki, azarkeşlərimizi sevindirək. Qol çatmadı. Birinci və ya ikinci hissənin əvvəlində qol vursaydıq, hər şey tamam fərqli olardı. İrəli atıldıq ki, qol vuraq. Əvəzində öz qapımızda qol gördük. Uduzduğumuz üçün komanda olaraq məyusuq.

- Növbəti oyun Belarusa qarşıdır. Onlar da Bakıya Tacikistan üzərində 5:0 hesablı qələbə ilə gəliblər. Bu görüşdə məqsəd böyük hesabla uduzmamaq olacaq, ya uduzmamaq?

- Haitiyə məğlubiyyət o qədər məyusedici oldu ki...Çalışacağıq ki, toparlanaq və Belarusla görüşdə qələbə qazanaq. Haiti məğlubiyyətini də bununla unutduraq.

- Fernandu Santuş hər dəfə deyir ki, komandanı yeniləyirik, gələcəyin komandasını qururuq, amma start heyətində yenə təcrübəli oyunçulardır...

- Təcrübəli oyunçulara da, gənclərə də ehtiyac var. Hər bir komandada təcrübəlilər də olmalıdır. Haiti ilə görüşdə əzmkarlıq, vuruşmaq çatmadı. Qapımızda qol gördük, çalışdıq ki, qolumuzu vuraq. Alınmırdı. Əlbəttə ki, millidə gənclərə də ehtiyac var. Millidə oynayan hər bir oyunçu borcludur ki, ən yaxşısını etsin. Fərq etmir, təcrübəlidir, ya gəncdir. Çünki ölkəmizi təmsil edirik. Hər birimizin borcudur ki, formanın haqqını layiqincə verək. Haiti ilə görüşdə əzmkarlıq çatışmadı. Komanda olaraq məyusuq.

- Haiti ilə görüşdə meydana “Qarabağ”ın 7 futbolçusu çıxmışdı. Digərləri də vaxtı ilə “Qarabağ”da oynamışlar idi. Əgər “Qarabağ” oynayacaqsa, Santuş bizim nəyimizə lazımdır?

- Bu haqda danışmaq mənim üzərimə düşməz. Fernandu Santuş təcrübəli məşqçidir. Fərq etmir hansı oyunçu oynayır. Milli elədir ki, çempionatda bir-birimizə rəqibiksə, burada bir olub ancaq milli adına vuruşuruq. Millidə də kollektiv olaraq uduzmuşuq, burada kimisə qınamaq düzgün çıxmaz. Çünki meydançada olan, vuruşan biz futbolçularıq. Əgər səhv varsa, yanlış varsa, biz futbolçulardadır. Demək ki, bizdə nəsə çatmır deyə, qalib gələ bilmirik.

- Son dönəmdə ən çox formada olan yerli futbolçulardansan. Haiti ilə görüşdə start heyətində yer almamağın özün üçün gözlənilməz olmadı ki?

- Mən də çalışıram ki, millidə əsas heyətə düşüm. Məşqçimizin qərarıdır. Hər bir oyunçu istəyər ki, özü əsas heyətdə oynasın. Çalışacam ki, əsas heyətə düşüm, yerimi bərkidim.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
25 Mart 11:30 Düzü budur elə!