“Sportinfo” Rusiyada aşpazlıq edən ilin ən yaxşı futbolçusunu tapıb danışdırdı

23 Mart 19:00 Müsahibə 4 011
“Sportinfo” Rusiyada aşpazlıq edən ilin ən yaxşı futbolçusunu tapıb danışdırdı

“Kəpəz”, “Neftçi”, “Şəmkir” kimi komandaların şərəfini qoruyan, Azərbaycan millisinin formasını geyinən, 1997-ci ildə ölkədə ən yaxşı futbolçu adını qazanan, çempionluqları bayram edib, kubokları başının üzərinə qaldıran Faiq Cabbarov.

Onu daha çox yaşlı və gənc nəslin nümayəndələri xatırlayır.

Öz dövrünün ən yaxşı müdafiəçilərindən sayılırdı.

Futbolçu karyerasını başa vurandan sonra məşqçiliyə “Göygöl”də başlayıb “Gilan”da davam edən Cabbarov, bir müddət “ABN Bərdə”də, yekunda “Şəmkir”də çalışdı və bu, onun sonuncu iş yeri oldu.

Məşqçilik sənətində uğurlu ola bilməyən 52 yaşlı veteranla bağlı bir neçə il əvvəl xoşagəlməz xəbərlər dolaşırdı.

Dələduzluqda ittiham olunması, içkiyə qurşanması, hansısa şəxsin həyətində qaravolçu işləməsi – Cabbarov barədə az qala hər gün nəsə eşidirdik.

Məşqçiliyə qayıtmaq istədiyini və bununla bağlı AFFA-ya müraciət edəcəyini deyə-deyə, növbəti dəfə yoxa çıxmışdı.

Təxminən 4-5 il Rusiyada çalışandan sonra Azərbaycana qayıdan Faiq Cabbarovu Gəncədə tapdıq. 90-cı illərin məşhur futbolçusu Sportinfo.az-a verdiyi müsahibədə ürəyini boşaltdı.

- Xeyli vaxtdır göz-qulaqdan uzaq düşmüşdüz. Hardaydız?

- İlk növbədə göstərdiyiniz diqqətə görə sizə təşəkkür edirəm. Həqiqətən özüm üçün də xoşdur. Bəzən futbol barədə danışmaq, ürəyimdəkiləri boşaltmaq üçün həmsöhbət axtarıram. Neçə vaxtdır Rusiyadaydım. Müxtəlif şəhərlərdə aşpaz kimi işləsəm də, imkan düşdükcə məşqçiliyə də vaxt ayırırdım. Rusiyada yaşayan həmyerlilərimizin övladlarına bildiklərimi aşılayırdım. Nə yalan danışım, son 4 ildə aşpazlıq edirdim.

- Niyə qayıtdız? Dönüşünüzün xüsusi səbəbi var?

- Yayda 53 yaşım tamam olur, artıq əvvəlki vaxtlar deyil. Vətənin hər yerinə qurban olum. Rusiyaya qayıtmaq yox, Azərbaycanda qalıb futbol sahəsində işləmək istəyirəm. Ölkəmin balalarına hansısa mənada xidmət edə bilərəm. Hər halda, futbolun içindən çıxmış adamam.

- Bununla bağlı kiməsə müraciət etmisiniz? Kimsə gəlib qapınızı döyüb, sizə iş təklif etməyəcək.

- Bilirəm, çox yaxşı bilirəm. Açığı, AFFA-ya müraciət etmək istəyirəm. Yəqin ki, yaxın günlərdə hansısa formada AFFA-ya müraciət edəcəm. Qurumda çalışanlar məni tanıyırlar. Ümid edirəm ki, müraciətimə müsbət cavab verərlər.

- Ölkə futbolunu, futbolda baş verənləri izləyirsiniz?

- Əlbəttə, əlbəttə. Bacardığımız qədər bütün oyunlara baxıram. Televiziya kanallarında göstərilən yerli və xarici matçları diqqətdə saxlayıram. Onsuz da futboldan başqa nəyəsə baxmağa həvəsim yoxdur.

- Uzun illər formasını geyindiyiniz “Kəpəz” kənardan necə görünür?

- “Kəpəz”in oyunlarına ürək ağırısı ilə baxıram. Komandamız illərdir çempionatda qalmaq uğrunda mübarizə aparır, sonuncu pillələrdə yer alır. İnanın, adama çox pis təsir edir. Dost-tanış görəndə soruşur ki, niyə belə hala düşdük, “Kəpəz”ə nə oldu? Deyirəm, komandanı indiki vəziyyətdən çıxarmağın bir yolu var.

- Nə yoldur elə?

- Gəncəli uşaqları yetişdirib, komandanın özəyini yerli uşaqlardan təşkil etmək. Yalnız bu halda “Kəpəz” əvvəlki əzəmətini qaytara bilər. Söhbət dildə futbolçudan getmir ha, əsl futbolçular olmalıdır. Bacarıqlı, istedadlı, “Kəpəz”in hansı məna daşıdığını bilən. Demirəm ki, hamısı yerlilər olmalıdır. Əlbəttə, bəzi mövqelərdəki boşluqları legionerlərlə doldurmaq mümkündür.

- Məşqçilik karyeranızın yarımçıq qalmasına kim, yaxud nə səbəb oldu?

- 33 yaşım var idi, “Gilan”da baş məşqçi işləyirdim. Sonra Premyer Liqada “ABN Bərdə”nin baş məşqçisi oldum. Şəmkirdə neçə il idi böyük futbol yox idi, Mövlud Mirəliyevin dəvəti ilə Şəmkirə gedib yerli komandanı Birinci Diviziona qaytardıq. O vaxt bəzi xoşagəlməzliklər yaşandı deyə, həm məşqçilikdən, həm də futboldan uzaq düşdüm. Ancaq baxıram ki, futbolsuz yaşamaq mümkün deyil.

- Gəncə futbol veteranları ilə münasibətiniz necədir? İtirib-axtaranlar var?

- Tək “Kəpəz”də yox, digər komandalarda da vaxtilə çiyin-çiyinə oynadığım futbolçularla yaxşı münasibətim var. Açıq deyim, çox adamla yaxınlığım yoxdur. Bəzən Mehman və Füzuli Allahverdiyev qardaşları ilə üz-üzə gəlirəm, Firuz Qulami ilə ayaqüstü söhbətimiz olmuşdu. Mən dedi-qodulardan, onun-bunun arxasınca danışmaqdan uzaq adamam. Məqsədim və niyyətim bir olub – Gəncə futbolununj əzəmətini qaytarmaq.

- 20-30 il əvvəlki çempionat və indiki. Arada çoxmu fərq var?

“Qarabağ” yenilməz komanda olmasa da, səviyyə baxımından hamısını üstələyir. Digərlərinin gücü aşağı-yuxarı eynidir. “Kəpəz”in nəticələrinə baxıb utanıram. Hər kəs öz işi ilə məşğul olsa, “Kəpəz”in nəticələri də düzələr, problemlər də aradan qalxar. Allahın izni ilə tezliklə futbola qayıdaraq veteranlarla əl-ələ verib Gəncə futbolunun inkişafına töhfə verərik. “Kəpəz”i qaytarıb yerinə qoymaq lazımdır. O yer də turnir cədvəlinin birini pilləsidir.

Həbib Aslanov

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti