“Turan”nın legioneri “nəyiniz çatmır” sualına necə reaksiya verdi?

20 Mart 16:30 Müsahibə 466
“Turan”nın legioneri “nəyiniz çatmır” sualına necə reaksiya verdi?

“Turan Tovuz”un “Sumqayıt”a məğlub olduğu oyundan sonra (1:2) meydan sahiblərinin futbolçuları müsahibə verməkdə maraqlı deyildi.

Bir neçəsi danışmaqdan imtina etsə də, qış fasiləsində cəlb olunan Kauan Martins Sportinfo.az-ın suallarını cavablandırmaqdan imtina etmədi.

- Bu oyunda da qələbə qazana bilmədiniz. Həm də doğma azarkeşlərinizin qarşısında.

- Bizim üçün həqiqətən ayıbdır. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komanda bu qədər xal itirməməlidir. Hansısa epizodlarda diqqəti əldən verəndə sonluq bu cür oluruq. Çox üzgünük. İndi əllərimizi yanımıza salmaq zamanı deyil. Daha çox çalışmalı, daha az səhv etməliyik.

- Kurban Berdıyev kimi təcrübəli məşqçiniz, Ehtiram Quliyev kimi səxavətli rəhbəriniz, möhtəşəm azarkeşləriniz var. Nəyiniz çatmır?

- Həqiqətən uğur qazanmaq üçün hər şeyimiz var. Narazı qalacağımız heç bir şey yoxdur. Bu qədər şəraitin və imkanların qarşılığında vacib xallar itiririk. Adama təsir edən də budur. Oyun vaxtı diqqətli olmalı, kobud səhvlər etməməliyik. Çatışmayan yalnız budur. Baş məşqçi hər dəfə lazım olanları göstərir, irad tutur, ancaq yenə də... Çox qol vurmalı, az səhv etməliyik ki, lazım olan nəticələri qazanaq.

- “Araz-Naxçıvan” üçüncü dövrənin ən zəif nəticə göstərən komandası olsa da, üçüncü pilləni onlardan ala bilmədiz. Bundan sonra dördüncü yerin də əldən çıxmaq təhlükəsi var. “Sabah” sizi qarabaqara izləyir.

- Məqsədimiz mövsünü dördüncü yox, üçüncü yerdə bitirməkdir. Çünki ölkə kubokundakı nəticələrə əsasən Premyer Liqanın dördüncüsü Avropaya getməyə bilər. Ona görə də işimizi bərk tutmaq istəyirik. Bürünc medalları qazanmaq üçün çox çalışmaq və az səhv etmək lazımdır.

- Baş məşqçinin paltardəyişmə otağındakı reaksiyası necə idi?

- Yol verdiyimiz səhvlərə görə üzgün idi.

- Ümumiyyətlə, Berdıyev qışqırmağı, səs tonunu qaldırmağı bacarır?

- Paltardəyişmə otağında baş verənlər orada da qalır. Bu barədə mənim, yaxud hansısa futbolçunun nəsə deməyi düzgün deyil. Yəqin ki, məni anlayışla qarşılayarsınız.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti