“Neftçi”dən gedən baş məşqçi hər şeyi “Sportinfo”ya danışdı: “Mən o adamı tanıyıram”

18 Mart 20:00 Müsahibə 418
“Neftçi”dən gedən baş məşqçi hər şeyi “Sportinfo”ya danışdı: “Mən o adamı tanıyıram”

Ötən mövsümün ikinci yarısında “Neftçi”ni çalışdırmış Miodraq Bojoviç hazırda İranın aparıcı klublarından olan “İstiqlal”ın (Xuzistan) nəticələrinə cavabdehlik daşıyır.

Monteneqrolu mütəxəssislə müsahibəni öncəki həftələrə planlaşdırsaq da, işlərinin çoxluğu səbəbindən bir müddət gözləməli olduq.

Nəhayət, uyğun zaman tapıb Bojoviçlə söhbətləşdik. İran futbolu və “Neftçi”də yaşananlar barədə danışığımızda ortaya maraqlı məqamlar çıxdı.

- “İstiqlal”da işləriniz necə gedir?

- Hər şey qaydasındadır. Başımız işə qarışıb.

- Futbolun və çempionatın səviyyəsi necədir?

- Səviyyəyə və rəqabətə söz ola bilməz. Son dərəcə keyfiyyətli, həm də maraqlı çempionatdır. Dörd böyük klub var – “Persepolis”, ”İstiqlal”, “Sepahan” və “Traktorsazi” - yük əsasən bu komandaların üzərindədir. Futbolçuların keyfiyyəti də çox yaxşıdır.

- Legionerlərin sayı çoxdur?

- Var-var. Hər halda az demək olmaz. Hər komandada legionerlər görmək mümkündür.

- Azərbaycanlı futbolçular iranlı həmkarlarından geri qalır hər halda.

- Təəssüf hissi ilə deyim ki, dediyiniz kimidir.

- Ona görə iranlılar Azərbaycana legioner kimi cəlb olunur, bizimkilərə isə İranda ehtiyac duyulmur.

- Azərbaycanlı futbolçular başqa ölkələrdə də legioner həyatı yaşamır axı. Varsa da, sayları çox azdır.

- Uzun illər Rusiyada yaşamısınız, yarım illik Azərbaycan karyeranız olub, indi də İrandasınız. Bu ölkələrin hansında yaşamaq sizin üçün rahatdır və ya rahat idi?

- Nəticələr yaxşı olan yerdə mən də özümü yaxşı hiss edirəm. Dediyiniz ölkələrə istirahət etməyə getmədiyim üçün hansının daha yaxşı olduğunu deyə bilmərəm. Bir şeyi qeyd edim, Bakı dünyada gördüyüm şəhərlər arasında ən yaxşılardan biridir. Möhtəşəm şəhəriniz var. Tehranı da çox bəyənirəm.

- Azərbaycan futbolu ilə maraqlanırsınız?

- Əlbəttə. “Neftçi”nin nəticələrini diqqətdə saxlayıram.

- O zaman “Neftçi”nin hansı vəziyyətdə olduğunu deyə bilərsiniz?

- Premyer Liqada 6-cı pillədədir səhv etmirəmsə. Ölkə kubokunda yarımfinala yüksəldi. Tək nəticələrlə kifayətlənmirəm, bəzən oyunlara və icmallara da baxıram. Bilirəm ki, məndən sonra gələn baş məşqçi də yola salındı. “Neftçi” azarkeşləri heç vaxt məni baş məşqçi kimi qəbul etməsələr də, futbolçuların böyük əksəriyyəti ilə birlikdə işləmişik.

- Razıydınız “Neftçi”dəki işinizdən?

- Bəli, çox yaxşı işlər görürdük və görməkdə davam edəcəkdik. Nələrin baş verməsindən asılı olmayaraq, “Neftçi” mənim üçün hər zaman doğma olaraq qalacaq. Baxmayaraq ki, orada cəmi altı ay işləmək imkanım oldu. Çempionatı izləyirəm və “Neftçi”yə azarkeşlik edirəm.

- “Neftçi”nin oyunlarına və icmallarına baxdığınızı dediniz. Oyun planında inkişaf hiss edirsiniz?

- Düzünü desəm, xeyr. Yeni futbolçular gəlib, ancaq böyük əksəriyyət bizim dönəmdə oynayan uşaqlardır – Rza, Ozobiç, Mahmudov, Salahlı, Koffi, Yuri, Höccət. Gənc hücumçu var idi, adı yadımdan çıxıb.

- Ağadadaş.

- Hə-hə, Ağadadaş. Rəhman da oradadır. Komandanın yarısından çoxu bizim vaxtımızda olan futbolçulardır. Görürəm, Mahmudov indi daha çox oynayır. Biz işləyəndə zədələr ona imkan vermirdi, heç cür özünə gələ bilmirdi. Oynasaydı, bizə çox xeyir verərdi.

- Sizinlə yeni müqavilə imzalansaydı, nəticələr indikindən daha olardı?

- Əlbəttə, olardı. Mənə işləmək imkanı verilmədi ki. Mən işləyəndə iş imkanları çox pis idi. Və hələ də başa düşə bilmirəm ki, pis heç nə etmədiyim halda, azarkeşlər məni niyə qəbul etmək istəmədi? Çalışırdım, işləyirdim, son tura qədər avrokuboklara vəsiqə uğrunda mübarizə apardıq. Bilirəm, “Sabah”a məğlubiyyət insanların səbr kasasını daşırmağa səbəb oldu. Bizim vaxtımızda “Neftçi” üst pillələrdə idi, sonuncu günə qədər mübarizə apardı. Bu il nəyin uğrunda mübarizə aparırlar görəsən?

- Azarkeşlərin sizi qəbul etmədiyini deyirsiniz. Bəlkə orada kiminsə əli var idi.

- Bəlkə yox, 100 faiz.

- Kimsə, yaxud kimlərsə “Neftçi”də olmağınızı qəbul etmirdi?

- Azarkeşlərin mənə olan münasibəti baxımından belə bir şeyin olduğunu hiss edirdim. Siz bilirsiz “Neftçi”də azarkeşlərə kim yaxındır?

- Təxmin edirəm. Bəs siz?

- Mən o adamı tanıyıram (gülür).

- O adam bu gün də “Neftçi”dədir?

- Kim olduğunu deməyəcəyəm. Siz özünüz də həmin adamı tanıyırsınız.

- Təsəvvür edin, nə vaxtsa Azərbaycanın başqa klubundan iş təklifi alırsınız və “Neftçi”dən getməyinizə şərait yaradanlara cavab verirsiniz.

- Həyat sürprizlərlə doludur. Nə vaxtsa yenidən Azərbaycanda işləməyə qarşı çıxmaram. Hər şey ola bilər. Yaşayıb, görərik.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 08:50 Bakıda seans keçəcək
18 Mart 05:00 Növbəti etirafı etdi