
“Araz-Naxçıvan”ın futbolçusu Nuno Rodriges Sportinfo.az-a müsahibə verib.
Portuqaliyalı yarımmüdafiəçi “Şamaxı” ilə 1:1 başa çatan oyundan sonra sualları cavablandırıb.
- Hesabı açan tərəf olsanız da, növbəti matçı da qələbəsiz başa vurdunuz.
- İlk hissədə çox yaxşı oynadığımızı düşünürəm. Topa nəzarət edirdik, lazım olan qolu vurduq, yaxşı fürsətlərimiz oldu. Fasilədən sonra rəqib daha çox pressinq etməklə bizi təzyiq altında saxladı. Hücuma çıxa bilmədiyimiz anlarda isə onlar üstümüzə gəlirdi. Nəticədə hər hissədə bir komanda daha yaxşı oynadı ki, matç heç-heçə bitdi.
- Mövsümün əvvəlində 15 oyunluq məğlubiyyətsiz seriya var idi. Lakin son 11 qarşılaşmada cəmi bir qələbə qazanmısınız. Nə baş verir?
- Hamısı itkilərin təsirindəndir. Dekabrdan bu yana çox sayda itkilərimiz oldu və bu gün də var. Sarı və qırmızı vərəqələr, zədələr... Heyətimiz elə də zəngin deyil ki, rotasiyalar hər dəfə müsbət effekt versin.
- Ramon Maçado ilə Felipe Santos meydanda olmayanda sanki “Araz-Naxçıvan” gücünün 50 faizini itirir. Razısan bu fikirlə?
- Xeyr, razı deyiləm. Komanda konkret kimdənsə asılı deyil. Nə ediriksə kollektiv şəkildə edirik. Ona görə də adlara bölmək doğru olmaz. Felipe ilə Ramon yoxdursa, ehtiyatda başqaları var. Məsələn, bugünkü oyunda qələbə qazana bilməməyimizin günhkarı özümüzük. İlk hissədəki fürsətləri dəyərləndirsəydik, sonluq belə olmayacaqdı.
HƏBİB