"Bu işlər düzəlməsə, bizdə heç vaxt futbol olmayacaq" - MÜSAHİBƏ

16 Mart 21:40 Müsahibə 201
"Bu işlər düzəlməsə, bizdə heç vaxt futbol olmayacaq" - MÜSAHİBƏ

Samir Abdulov daha çox "Karvan"dakı çıxışı ilə futbol ictimaiyyətinə özünü tanıda bilib.

10 ilə yaxın Premyer Liqa klublarında çıxış edən veteran hücumçu Yevlax təmsilçisindən başqa "Sumqayıt", "Kəpəz", AZAL, "Rəvan" klublarında da forma geyinib.

Peşəkar karyerasını uzun müddətdir başa vuran Abdulov artıq bir neçə ildi uşaq futbolunda çalışaraq Azərbaycan futboluna fayda verməyə çalışır.

Elə onunla söhbətimiz də məhz bu yöndə oldu.

- Sumqayıt futboluna xidmət edirəm. Hazırda iki ünvanda uşaqlara futbol dərsləri keçirəm. Əvvəldən bir qrupumuz fəaliyyət göstərirdi. Bir neçə gün əvvəl ikinci ünvanda da qrupumuz fəaliyyətə başladı. Komandanın adı "Rüzgar"dı. 6-14 yaş qruplarımız var.
Futbolçuları yetişdirib Sumqayıt Futbol Akademiyasına təqdim edirik.

- Belə uşaqların sayı çoxdur?

- Bəli, güvəndiyimiz adlar var. Ümidlərim çoxdur ki, əsas komandaya kimi yüksələ biləcəklər.

- Maraqlıdır, niyə "Rüzgar"?

- Arzulayıram ki, komandanın adı kimi uşaqlarım da rüzgar kimi əssinlər (gülür). Həm də övladımın adıdır.

- İkinci ünvanda məktəbin açılmasına tələbat var idi?

- Mən böyük futbol oynamışam. Bütün yaş qrup millilərdə çıxış etmişəm. Futbolla nəfəs alıram. Karyeramı bitirəndən sonra da məşqçiliklə məşğulam. Bu sahədə özümü yetişmiş biri kimi görürəm. Lisenziyam var. Futbol fəlsəfəm var. Özüm öyrəndiklərimin daha yaxşısını uşaqlara aşılamağı bacarıram. Sumqayıtın cənub hissəsində varıydıq, İndi mərkəzə doğru gəldik. Şimalda isə "Sumqayıt" klubunun özü fəaliyyət göstərir. Cənubdan mərkəzə fəaliyyət dairəmizi böyütdük, oradan da məhsulumuzu şimala təqdim edirik.

- İstedadlı uşaqları Sumqayıt Futbol Akademiyasına təqdim etdiyinizi dediniz. Arada əməkdaşlıq müqaviləsi var?

- Hər hansı müqaviləm yoxdur. Amma uşaqları inkişaf etdirib kluba təqdim edirəm.

- Futbol məktəbində neçə məşqçi işləyir?

- Məndən əlavə iki məşqçimiz də var. Biri də qardaşım Elnur Abdullovdur. O da futbola yad sima deyil. Böyük futbolda uzun müddət çıxış edib. "Qarabağ", "İnter" (indiki "Şamaxı") kimi klublarda forma geyinib. Ona da bildiklərimi öyrədirəm.

- Adətən uşaq məşqçilərinin özünü inkişaf etdirməməsi ciddi tənqid olunur. Bu baxımdan sizdə vəziyyət necədir?

- İradlarla razı deyiləm. Öz üzərimdə çalışan biriyəm. Hazırda ingilis və ispan dillərini bilirəm. Bu yaxınlarda Cənab prezident açıqladı ki, "Barselona" akademiyası ölkəmizdə də fəaliyyət göstərəcək. Yəqin ki, mən özüm də orada yer alacam. Çünki mənə tələbat var. Həm dil biliyim, həm də məşqçi bacarığım var. Bundan əlavə əlimdə ora təqdim edə biləcəyim yaxşı uşaqlar var.

- Maraqlıdır, iki dil öyrənməyə səni nə vadar edib?

- İspan dili dünyada ikinci ən aktiv dildi. Çox maraqlı dildir. Yeni öyrənmişəm. İngilis dilini daha əvvəldən bilirdim. Rus və gürcü dillərini də bilirəm. Sadəcə gürcü dilinə çox ehtiyac yoxdur. Bu aydan isə alman dilini də öyrənməyə başlamışam. Əlimdə yaxşı oyunçular var. Onları yalnız Sumqayıt Futbol Akademiyasına verməklə kifayətlənmək istəmirəm. İspaniya klubları ilə yaxşı əlaqələrim var. Bir çox ölkələrdə legioner dostlarım çıxış edir. Bu yolla uşaqları ölkə xaricinə göndərməyi qarşıma məqsəd qoymuşam. Yaxşı istedadlı uşaqlarım var. Onların ölkə xaricində futbol həyatına davam etmələrinə çalışıram.

- Bu qədər dil bildiyin halda tərcüməçi və ya menecer kimi davam etmək barədə heç düşünmüsən?

- Hazırda FİFA agentliyin oxuyuram. Dilləri elə-belə öyrənməmişəm. Bir müddət əvvəl AFFA-dan tərcüməçi işləmək təklif olundu. Amma portuqal dili lazım idi. Mən də bildirdim ki, ispan dilini bacarıram, ehtiyac olsa kömək edə bilərəm. Bir-birinə yaxın dildir. Lakin sırf portuqal dili lazım olduğu üçün danışıqlar orada da bitdi.

- Uşaq futbolunda olmaq öz seçimindir, yoxsa böyük futbolda çalışmaq qismət olmayıb?

- Məncə, böyük futbolun başlanğıcı da təməldən olmalıdır. 17-18 yaşlı uşaqların səviyyəsi bizi qane etmir. Azərbaycanlı futbolçular yetişmir. Nə çatmırsa öz beynimdə bilirəm

.

- De, biz də bilək ki, çatışmayan nədir?

- İlk növbədə valideynlərin yanaşması vacibdir. Hər zaman problemi məşqçilərin üzərinə atırlar. Bununla razılaşmıram. Uşaq 1,5 saat məşq edir, amma 24 saatın böyük hissəsini valideynlərinin yanında olur. Başqa işlərindən bizim xəbərimiz olmur. Nə yediyini, nə vaxt yatdığını, nə işlər gördüyünü bilmirik. Bunlar böyük amildir. Nə qədər ki, akademiyalar olmayacaq, bizdə heç vaxt futbol olmayacaq. Akademiyalar olanda uşaqlar məşqçilərin sərəncamında olacaq. Gündəlik rejimlərinə birbaşa nəzarət olunacaq. Uşağın gücü, məşqçinin bacarığı hesabına bir yerə qədər inkişaf etmək mümkündür. Problemi məşqçilərin üzərinə atırlar. Yaxşı uşaqlar, məşqçilər var. Sadəcə inkişaf üçün lazım olan şərait yoxdur. Nəzarət mütləq olmalıdır. Uşaqların təhsilinə diqqət artırılmalıdır. Dərslərini oxumayan uşaqdan nəsə gözləməyə dəyməz. Oxumayan uşaqdan yaxşı futbolçu az hallarda çıxır. Əvvəllər bu mümkün idi. Amma indi yox. Futbol çox inkişaf edib. Beyin sürətli qərar verməlidir. Beyni olmayan uşaq inkişaf edə bilməz. Dar zonada qısa müddətdə qərar verilməlidir. Məsələn, "Barselona" akademiyasının Azərbaycanda qurulacağını hər kəs bilir. Uşaqlar orada qalacaq. Təhsil alacaq, məşqlərini edəcək. Bu başqa səviyyədir. Onda inkişafdan danışmaq olar.

- Bu gün üçün çıxış yolunu necə tapırsınız?

- Şəxsi qruplarımda olan uşaqların valideynləri ilə mütəmadi ünsiyyətdə oluram. Tək uşaqla yox, həm də valideynləri ilə işləyirəm. Düzdü, məşqçinin valideynlər ilə yaxın ünsiyyəti olmamalıdır. Amma uşaqların gələcəyi üçün bunu edirəm. Peşəkar adamlar bunu yaxşı başa düşər. Bu yaşda onları daim diqqətdə saxlamalısan.

- Uşaq futbolunda ümumi vəziyyət necədir?

- Öz oğlum Sumqayıt Akademiyasında U-11 komandasının üzvüdür. Oyunları davamlı izləyirəm. Çempionatda 2-3 komandadan başqa digər komandalar sıfıra bərabərdir. Heç bir inkişaf görmürəm. Məşqçi işi yox səviyyəsindədir. Uşaqlar ardıcıl 4-5 ötürmə verə bilmir. Demək ki, yaxşı səviyyədə məşqlər keçirilmir. Sadə şeylərdən uşaqlar xəbərsizdir. Onları başa salan yoxdur. Oyunlar böyük hesabla bitir. Belədə hansı səviyyədən danışmaq olar?

- Uşaq futbolunda çalışmaq çətin deyil?

- Burada işləmək hər insanın işi deyil. Bunu üçün güclü iradə lazımdır, savadın olmalıdır. Hərə bir ailənin üzvüdür. Fərqli tərbiyəni alırlar. 18-20 uşağı bir nöqtəyə cəmləmək asan deyil. Bu özü də bir fəlsəfədir. Onlar səni sevməlidir. Əks halda nəsə gözləməyə dəyməz. Uşaqların məşqçini sevmədiyi ortamda nəsə nəticə gözləməyə dəyməz. Yanaşma önəmlidir. Uşaqlar həvəslə məşqə gəlir ki, məni görsün. Bunu valideynlər etiraf edir. Qayğı göstərmək önəmlidir. Əks təqdirdə axtarışda olacaq. Başqa müəllim istəyəcək. Uşaq sevgi istəyir. Bunu yarada bilsən, işin böyük işini görmüş olacaqsan. Öz təcrübəmdən bir şeyi deyəcəm. Bilirsiniz ki, "Karvan"ın ən uğurlu vaxtında mən də heyətdə olmuşam. Bir dönəm oldu ki, pul qurtardı. Rəhbərlik dedi ki, pul verməyə imkanımız yoxdur. Cəmi 3 oyunumuz qalırdı. Baş məşqçimiz Yunis Hüseynov dedi ki, mənə görə bu oyunları pulsuz oynamaq lazımdır. Biz yerli, legioner daxil həmin qarşılaşmaları yaxşı pul qazandığımız dönəmdəkindən də yaxşı keçirdik. Sırf Yunis müəllimə görə. Bunu ona hədiyyə etdik. Çünki Yunis müəllim bizə o sevgini verə bilmişdi. Hər kəsin rəğbətini qazana bilmişdi. Yəni hər şey pul deyil. Qayğı, sevgi, səmimiyyət çox önəmlidir.

- Premyer Liqa klublarının akademiyalarında işləmək barədə düşünmürsən?

- İki Bakı klubundan işləmək təklifi almışdım. Amma buradakı işlərimi çatdıra bilməyəcəyim üçün razılaşmadım. Uşaqlarımı qoyub gedə bilməzdim.

- Bəs Sumqayıt Akademiyasında çalımağınıza nə mane olur?

- İşim ortadadır. Hər kəs görür. Gərək təklif olsun ki, gedib işləyək. Açıq danışmağı xoşlayıram. Sumqayıt Akademiyasının təməl qrupunda Samir Abdulova böyük ehtiyac var. Cavbım bu qədər qısadır.

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti