
“Turan Tovuz”un qış fasiləsində heyətinə qatdığı Hayderson Hurtado tovuzlu azarkeşlərin könülnə yol tapmağı bacarıb.
Kolumbiyalı arxa xətt oyunçusu təkcə arxa xətdəki inamlı oyunu ilə seçilmir.
O, həm də komandasının xilaskarıdır.
“Araz-Naxçıvan”la qarşılaşmada vurduğu qolla komandasının aktivinə 3 xal yazdıran Hurtado, “Neftçi”ylə görüşün son saniyələrində fərqlənməklə “Turan Tovuz”a hava-su qədər vacib 1 xal qazandırdı.
Hayderson Sportinfo.az-a verdiyi müsahibədə bizi maraqlandıran sualları cavablandırıb.
- Əsas heyətdə özünə yer etməyi bacarmısan. Maraqlıdır, Roderik Millerlə Şəhriyar Əliyevin dönüşündən sonra səni “11-lik”də görmək mümkün olacaq?
- Hər iki komanda yoldaşıma Allahdan şəfa diləyirəm. Onların yoxluğu bizim üçün ciddi itkidir. Millerlə Əliyevin qayıdışı rəqabətin bir az da artmasına səbəb olacaq ki, bu, komandanın xeyrinədir. Onsuz da hamımız eyni işi görürük. Fərqi yoxdur mən oldum, ya başqası. Kim güclü və hazır olacaqsa, o da oynayacaq. Əsas olan “Turan”ın uğur qazanmasıdır.
- Mövsümü medalla, yaxud avrokuboklara vəsiqə ilə başa vurmaq nə dərəcədə real görünür?
- Hər şey öz əlimizdədir. Qarşıda 10 oyun var və bu, mümkün 30 xal deməkdir. Çalışacağıq ki, maksimum sayda xal toplayaq. Zədəli futbolçularımızın qayıdışı ilə komandamızın durumu daha da yaxşılaşacaq. Uğur qazanmaq üçün əlimizdən gələni edirik və edəcəyik.
- Ölkəmizdə özünü necə hiss edirsən?
- Çox xoşbəxtəm. Keçirdiyim hisləri sözlə ifadə edə bilməyəcəyim dərəcədə məmnunam. Bakı, Tovuz, insanlar, bizə olan münasibət – hamısı inanılmaz dərəcədə möhtəşəmdir.
- Azərbaycana gələndə tərəddüd edirdin? Ki, hara gedirəm, necə yerdir görəsən?
- Açığı, zəngin məlumatlara sahib deyildim. Karyeramda yeni səhifə açmaq üçün Azərbaycana gəldim və buna görə qətiyyən peşman deyiləm.
- Ölkəmizdə səni nə(lər) təəccübləndirir?
- Soyuq, şaxtalı və qarlı hava (gülür).
HƏBİB