
Minifutbol üzrə Azərbaycan çempionatının final qarşılaşmasında “Birbaşa” əzəli rəqibi “Zirə” üzərində inamlı qələbəyə sevindi.
İlk yarısı qolsuz bərabərliklə başa çatan qarşılaşmanın ikinci yarısında “pivəçilər” rəqibini iki dəfə mərkəzə dəvət etməklə yekunda qızıl medallara yiyələndi.
Matç başa çatandan sonra ən çox sevinənlərdən biri “Birbaşa”nın rumın çalışdırıcısı Marius Mitu idi. Baş məşqçi Sportinfo.az-a verdiyi müsahibəyə suallara aydınlıq gətirdi.
-Gərgin oyun barədə fikirlərinizi eşitmək maraqlıdır.
- Finalda oynamaq, xüsusən də “Zirə”yə qarşı mübarizə aparmaq həmişə çətindir. Özünüz də görürsünüz ki, güclü futbolçuları var. Hətta deyərdim ki, onların heyəti bizimkindən güclüdür. Ancaq ümumi keyfiyyət balansı demək olar eynidir. Qazaxıstan millisinin üç üzvünü dəvət etmişdilər. Düzdür, 2 qol vurduq, ancaq asanlıqla daha 4-nü vura bilərdik. Bu cür sonluğa görə sevinməmək mümkün deyil.
- Matçdan əvvəl oyunun gedişatını və sonluğu bu cür təsəvvür edirdiniz?
- Hədəflərim və gümanların çox yüksəkdir. İndi bu barədə çox danışmaq istəmirəm. Çox danışsam, insanlar axmaq olduğumu düşünər. Nə olsun ki, 2 qol vurduq, məsələn, bugünkü oyunumuzdan razı qalmadım. Bilirəm ki, daha yaxşısını etməyə qadirik. Ancaq üç futbolçumuzun meydana zədəli halda çıxdığını düşünəndə, ümumi vəziyyətə görə sevinirəm.
- “Zirə”nin Qazaxıstan millisinin üzvləri ilə güclənməsi sanki sizdə əsəb və əlavə motivasiya yaratmışdı.
- Əlbəttə, əlbəttə, əlbəttə. Matçdan öncə futbolçularıma bu cür finalda mütləq qalib gəlməli olduğumuzu başa salmağa çalışırdım. Sən çempionat üçün legionerlər gətirə bilərsən, bu, normaldır. Ancaq sırf yarımfinal və final üçün bu addımı atmaq o demək idi ki, necə olur-olsun bizi udmaq istəyirlər. “Zirə”nin yarısı Azərbaycan, yarısı Qazaxıstan millisinin üzvləri idi. Və biz belə bir rəqibi udmağı bacardıq.
- Azarkeşlər Çempionlar Liqasında mübarizə aparacaq “Birbaşa”dan nə gözləsin?
- Ona qədər çox vaxtımız var. Bu səbəbdən çox danışmaq istəmirəm. Əsas odur ki, futbolçular bizimlədir. Daha çox çalışmalıyıq ki, uğurlu nəticələr əldə edə bilək. İşləmək lazımdır.
HƏBİB