“Sportinfo”nun əməkdaşı “Qarabağ”ın mediadan uzaq gəzən futbolçusunu danışdırdı

10 Mart 20:00 Müsahibə 471
“Sportinfo”nun əməkdaşı “Qarabağ”ın mediadan uzaq gəzən futbolçusunu danışdırdı

“Qarabağ”ın gərgin oyunda “Araz-Naxçıvan”ı məğlub etməsi (3:1) üzləri güldürməyə bilməzdi.

Matçdakı insident hər nə qədər emosiyaları alovlandırsa da, “köhlən atlar”ın düşərgəsində ab-hava xoş idi.

Bəlkə də buna görəydi ki, əksər vaxtlarda jurnalistlərdən uzaq gəzən qanalı hücumçu Emanuel Addai bu dəfə Sportinfo.az-a müsahibəyə razılıq verdi.

- Deyilənə görə, bu cür qələbənin ləzzəti başqa olur.

- Keyfiyyətli komandaya qarşı oynayırdıq. Hiss olunur ki, oyun sistemləri var, anlaşma səviyyəsi yaxşıdır. Bu cür görüşdə 3 xal bizə çox-çox vacib idi. Xüsusən ilk hissədə böyük çətinliklə üzləşdik. Fasilədən sonra hesabda önə çıxmağımız yerinə düşdü. Qazandığımız qələbəyə və vurduğum qola görə xoşbəxtəm.

- Rəqib hesabı açanda yekunla bağlı təxminin necə idi?

- Onlar qolu erkən vurdular deyə, bilirdim ki, qarşıda vaxtımız çoxdur. “Qarabağ”ın xarakterini hər kəs bilir. Sona qədər döyüşürük, istəyimizə çatmayana qədər sakitləşmirik. Əmin idim ki, geridönüş edib qələbə qazanacağıq.

- Rəqib azlıqda qalmasaydı, sonluq başqa cür ola bilərdi?

- Belə də olacaqdı, qalib gələcəkdik. Çünki məqsədimiz mütləq qələbə qazanmaq idi.

- Oyundakı kütləvi davaya kim, yaxud nə səbəb oldu?

- İlk dəqiqələrdən görünürdü ki, top hər dəfə Benziada olanda həmin futbolçu (Felipe Santos) onu vurur, təxribata çəkmək istəyir. Lakin Benzia peşəkarlıq edərək susurdu və yekunda elə vəziyyət yaratdı ki, meydandan özü qovuldu. Təbii ki, bu cür hallar yolverilməzdir. Ancaq bəzən qaçılmaz olur.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti