“Dedim axı, mənə belə sual verməyin - Anamın əziz canına and içə bilərəm ki...”

20:00 Müsahibə 334
“Dedim axı, mənə belə sual verməyin - Anamın əziz canına and içə bilərəm ki...”

Hansısa möcüzə baş verməsə, cari mövsümün yekununda Premyer Liqaya vəsiqə qazanacaq komandalardan biri “Qəbələ” olacaq.

Bölgə təmsilçisinin 1 illik fasilədən sonra elitaya qayıtması və kollektivə “İnter”dəki fəaliyyətindən tanıdığımız Kaxaber Tsxadadzenin rəhbərlik etməsi mübarizəyə əlavə rəng qatacaq.

Gürcü çalışdırıcı ilə söhbət etməkdə məqsədim əsasən I Liqadakı vəziyyətlə bağlı olsa da, fürsətdən istifadə edib son həftələrin aktual mövzularına – klub sayının artırılması, legionerlərə qoyulan limitin aradan qaldırılması – toxunduq.

(əvvəli ötən yazılarda - https://www.sportinfo.az/idman_xeberleri/maraqli/215884.html)

- “Karvan” üzərindəki qələbədən sonra (2:0) dediyiniz ab-havanı qoruyub-saxlamaq mümkün olacaq?

- Sona qədər qoruyacağıq, buna əminəm, siz də əmin olun. “Karvan”la matçdan sonra prezidentimiz Fariz Nəcəfov paltardəyişmə otağında qızıl sözlər işlətdi. Dedi, uşaqlar, bu etdikləriniz heç nədir, hədəfə çatacağınız halda nəsə etdiyinizi deyə bilərəm. Hədəf nədir? Təbii ki, çempionluq. İlk “3-lük” yox ha, çempionluq. Biri var, tunir cədvəli baxımından mənim tələb etdiyim maksimum hədəf, biri də var, maddi baxımdan motivasiya. Komanda mövsümü çempion qismində başa vursa, bonus alacaq. Əks halda, heç nə olmayacaq. Özünə hörmət edən istənilən peşəkar hansı məsuliyyət daşıdığını dərk etməlidir.

- Premyer Liqada cari mövsümdəki rəqabəti görəndə, “növbəti mövsümdə biz onlarla necə bacaracağıq” sualı keçir ağlınızdan?

- Qətiyyən və qətiyyən! Bu barədə nə özümüz düşünürük, nə də kiməsə düşünməyə icazə veririk. Anamın əziz canına and içə bilərəm. Ümumiyyətlə, Premyer Liqa barədə danışmağı özümə və futbolçularıma qadağan etmişəm. Bu, etik cəhətdən doğru deyil. Məsəl var, hoppanmadan “hop” demə. Tullananda “hop” deyərik. Ona görə də növbəti mövsümdə, yaxud gələcəkdə nələrin baş verəcəyi ilə bağlı danışmaq istəmirəm. Bu barədə hansısa ifadəni işlətsəm, bu, I Liqadakı rəqiblərimizə hörmətsizlik olar. Çünki biz hələ də elitaya vəsiqə qazanmamışıq.

- Yaxşı, başqa sual verim. Sağlıq olsun, “Qəbələ” Premyer Liqaya vəsiqə qazansa, indiki heyətin neçə faizini qoruyacaqsınız?

- Yenə Premyer Liqa? (gülür) Dedim axı, bu mövzuda sual olmasın.

- Sualı ehtimal formasında verirəm axı. “Qəbələ” Premyer Liqaya vəsiqə qazansa...

- Güclənmək hər komandaya lazımdır, hətta “Qarabağ”a da. Hər il yeniliklər mütləqdir. Komandada Barkola kimi gənc futbolçu ola-ola PSJ 75 milyon verib Xviça Kvaratsxeliyanı aldı. Başa düşürsünüz də. Onu deyə bilərəm ki, bu gün sərəncamımda olan futbolçuların çalışqanlığı və işə yanaşması məni tam qane edir. Bu gün yalnız bunu deyə bilərəm, hazırda ixtiyarımda olan futbolçulardan tam razıyam.

- Növbəti mövsüm üçün Premyer Liqada iştirakçı sayının 12-yə yüksələcəyini eşidəndə, reaksiyanız necə oldu?

- Real danışsaq, bu gün elitaya yüksəlmək şansımız çoxdur. Əlbəttə, bu baxımdan sevindim. Ancaq digər tərəfdən öz-özümə dedim ki, Allah eləməsin, bu qərar komandada arxayınlıq yaratsın. Çünki bu gün üçün əsas məqsədimiz I Liqanı çempion qismində başa vurmaqdır. İkili hislər keçirdim, açığı. Həm sevindim, həm də həyəcanlanmağa başladım.

- Say artımının ölkə futboluna fayda verəcəyini düşünürsünüz?

- Komanda sayının çox olması həm bölgələrdə futbola marağın artmasına xidmət edir, həm də eyni komanda ilə dörd dəfə oynamağın qarşısı alınır. Keyfiyyətin olması üçün kəmiyyət çox vacib şərtdir. Komanda sayı çox olanda, rəqabət artır, daha çox futbolçu şans qazanır. Bu isə inkişafa təkan verir. Azərbaycandakı ilk günlərimdən deyirdim ki, bölgələrdə böyük futbol olmalıdır, çempionatın coğrafiyası genişlənməlidir.

- Limitin aradan qaldırılması necə?

- Məşqçilər üçün limit var? Elə bir qadağa var ki, bu qədər yerli məşqçi olmalıdır, bu qədər əcnəbi? Yoxdur. Futbolçuları da milliyətinə görə fərqləndirməyin tərəfdarı deyiləm. Mənə görə futbolçuya eyni gözlə baxılmalıdır – oynaya bilən meydanda olmalıdır. Azərbaycanlı futbolçular rəqabətdən qorxmamalı, məşqlərdə legionerlərdən daha üstün olduqlarını göstərməlidirlər.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti